22 may 2020 10:16
191

Sosial problemlərin həllinə DOST münasibəti

Prezident İlham Əliyev: Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə “DOST” mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.

Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Məhz Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkə əhalisinə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi şəraitində əsaslı şəkildə yüksəldilməsində növbəti mühüm irəliləyişə yol açıb. Fərman DOST Agentliyinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

DOST Agentliyinin və onun strukturuna daxil olan mərkəzlərin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub. DOST mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətin növbəti uğurlu davamıdır. Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir.

Qeyd edək ki, mərkəzin açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Ölkəmizin başçısı DOST mərkəzlərinin fəaliyyətlərini yüksək qiymətləndirərək deyib: “Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.”

Bu gün ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 milyon elektron müraciət qeydə alınır, 1,1 milyon məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır. DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstərilir. Bu xidmətlər bir mərkəzdə, bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq. Bir sözlə, bir çox xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların sürətləndirilməsi və bununla səmərəliliyinin artırılması təmin ediləcək.

Bu, faktdır ki, mərkəzlərə vətəndaş axını intellektual şəkildə idarə olunur. Hər bir müraciət edən qarşılanır, dinlənilir və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edir. Bu isə inzibatçılığın səmərəli təşkili təmin olunmasına imkan yaradır.

DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləmir, həm də vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edir. Beləliklə, DOST mərkəzləri “bir pəncərə”dən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və başqalarının DOSTu olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanına çevrilib.

Elçin Zaman, “İki sahil”