13 fevral 2019 11:06
197

Sosial sferaya böyük diqqət

“Prezident İlham Əliyevin minimum aylıq əmək haqqının artırılması ilə bağlı Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır”. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə qəzetimizə açıqlamasında söylədi.

A.Mollazadə qeyd etdi ki, bu Sərəncama əsasən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır: “Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması təmin edilib. Sərəncam əhalinin bütün qruplarının maliyyəsinə müsbət təsir göstərəcək. Minimum əmək haqqının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir”.

A.Mollazadə vurğuladı ki, qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır: “Eyni zamanda, yaşayış minimumunun Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. Minimum əmək haqqı və yaşayış minimumu arasında əlaqənin formalaşması Avropa Şurasına üzv olan ölkələr üçün bir standart olaraq qəbul olunub. Yaşayış minimumunun artırılması, həmçinin növbəti illərdə əmək standartının tətbiq olunmasına şərait yaradacaq. Bu baxımdan sonuncu Sərəncam müsbət nəticələrə gətirib çıxaracaq”.

Deputat qeyd etdi ki, cənab Prezident İlham Əliyevin sözügedən Sərəncamı 600 min nəfərə yaxın insana şamil ediləcək: “Artıq ölkəmizdə 180 manatdan aşağı əmək haqqı alan olmayacaq. Bu qərar, həmçinin özəl sektora da şamil olunacaq. Minimum aylıq əmək haqqının artırılması onu deməyə əsas verir ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının problemlərini diqqətdə saxlayır. Sosial sferaya böyük diqqət göstərir. Bu, Azərbaycan vətəndaşları üçün çox böyük maddi və mənəvi dəstəkdir. Bir sözlə, minumum əmək haqqının artırılması əhalinin rifah halını xeyli yaxşılaşdıracaq”.

Cavid Əkbərov, “İki sahil”