04 sentyabr 2019 10:38
145

Sosial şəbəkə etikası

Sosial şəbəkədə ümumi qəbul olunmuş müəyyən qaydalara - ünsiyyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var.

Onların bəzilərini nəzərdən keçirək.

Gap, yəni sosial şəbəkə ünsiyyəti. Gənclər arasında çox geniş yayılmış gap xidməti  ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir:

• İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.

• Özünüzü ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Məlumatları sadə və aydın şəkildə göndərin.

• Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərsə, gap-dan uzaqlaşsanız daha yaxşı olar.

• Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.

• Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir: etikanı pozan “ağzıyavalar” serverdən uzaqlaşdırılır.

Daha bir neçə qayda:

• Qondarma addan (ing. nik) istifadə edin, çünki gaplar qeyri-rəsmi ünsiyyət üçündür.

• Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.

• Gapa daxil olanda salamlaşın.

• Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki sizin haqqınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təəssüratı yarana bilər. Cavab almaq üçün bir qədər gözləyin - o, gecikə də bilər.

Elektron poçt ünsiyyəti

• Yalnız məğzini verməklə, fikirlərinizi qısaca ifadə edin.

• Savadlı yazın.

• Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli olun.

• Aldığınız məktubun cavabını gecikdirməyin.

• Ümumi ifadələrlə “canınızı qurtarmayın”. Deməyə sözünüz yoxdursa, bunu nəzakətlə bildirib, yazışmaya son qoyun.

Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır:

• Subject (mövzu) sahəsini doldurun. İstifadəçilərin çoxu virusların qorxusundan mövzusu olmayan, yaxud mövzusu şübhəli olan məktubları oxumadan uzaqlaşdırırlar.

• Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.

• Məktubunuzun sonunda kimliyinizi bildirin.

• Qabaqcadan arxivləşdirmədən böyük həcmli fayllar göndərməyin.

• Əgər məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı informasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”. Sizin ünvanınızı arzuolunmaz adresat kimi “qara siyahıya” sala bilərlər.

• Elektron yazışmalarda emosiyaları bildirmək üçün çox zaman sözlərin yerinə simvollar ardıcıllığından (smayliklərdən) istifadə olunur.

Telekonfrans ünsiyyəti. Elə qaydalar var ki, onlar həm dostcasına söhbətlər, həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün məqbuldur:

• İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.

Röya Rasimqızı,

“İki sahil”