23 iyul 2019 20:28
261

Sosial şəbəkələr istifadəçilərin rakursundan:  Bizi nələr qıcıqlandırır?

Əvvəllər səhər yuxudan oyanan kimi saata baxardıq. Artıq yeni bir maraq dairələrimiz var: mobil telefon və müxtəlif, bir o qədər də”rəngarəng” sosial şəbəkə növləri.

Sosial media və onun növlərindən istifadə edənlərin tərkibinə nəzər yetirsək görərik ki, burada həm say, həm də maraq baxımından artım var. Eyni zamanda, bu sahəyə dərindən nüfuz etdikcə məlum olur ki, ictimaiyyətin modern dövr üçün əsas tələbi olan sosial şəbəkələrin də özünəməxsus mənfi və müsbət cəhətləri var.

 Biz “İki sahil” qəzeti olaraq mütəxəssislərin və sosial şəbəkə istifadəçilərin sözügedən mövzuya münasibətini öyrəndik. Apardığımız araşdırmanı təqdim edirik:

Psixoloq Zeynəb Eyyubova bu mövzuya iki aspektdən yanaşdığını vurğuladı: “Zövqlər kimi, fikirlər də müxtəlifdir. Bu qayda məhz sosial şəbəkələrə də aiddir. Ümumiyyətlə, düşüncə fərqliliyini nəzərə alsaq, bu mövzuya da yaxşı və pis mənada yanaşırıq. İnsanların statusuna görə qıcıq doğuran məqamlar da dəyişir. Məsələn, işi olmayan, bütün günü evdə problemlərlə çarpışan bir qadının sosial şəbəkələrdə hansı bir qadını müasir tərzdə, bahalı və müxtəlif məkanlarda, hər gün yeni bir libasda, yeni bir imic və görkəmdə görməsi onda qıcığa səbəb olur. Və ya kişilərin hansısa bir kişini özündən maddi və mənəvi cəhətdən üstün görməsi də buraya aiddir. Xüsusən də yayda istirahət mövsümü olduğu zamanda ailələrdə əsas qıcığa səbəb olan amillərdən biri də odur ki, bir ailə digərinin ölkədaxili və ya xaricində səyahət etdiyini, dincəldiyini görür. Niyə onlar getdi, biz getmirik - sualı ətrafında ailədaxili münaqişələrə səbəb olan problemlər yaranır. Bu cür müqayisələr isə insanlarda qıcığa səbəbə olur. Sosial şəbəkədəki virtual dünya ilə reallıqlar bir-birinin bəhsinə girir. Hər bir şəxs o anda düşünmür ki, bu şəkli qoyan şəxsin də problemləri, daxili çəkişmələri, məsuliyyəti, çətinlikləri var. Ona görə də zahirdə görünən qıcığa səbəb olur. Cavanların istər geyimlərini, istər danışıq tərzlərini, istərsə də sərhəd tanımıyan həddindən artıq sərbəst həyat şəraitlərini çox rahat və sərbəst şəkildə nümayişkarcasına dostları ilə bölüşməsi bəzən yaşlı nəsildə qıcığa səbəb olur.

Psixoloq Gülnar Orucova isə qeyd etdi ki, sosial şəbəkə istifadəçiləri arasında əsas təbəqəni gənclər təşkil edir: “Bəzən hətta dost tapmaq və ya ailə qurmaq üçün də sosial media növlərindən, xüsusən də, “Facebook”u və “İnstaqram”ı seçirlər. Bəzən də sosial şəbəkələrə hədələmə məqsədilə daxil olurlar. Sosial şəbəkələrin əsas üstünlüklərindən olan şəkil və video yayımlanması, mesaj qutusu vasitəsilə bir-birinə şəxsi məlumatlarını:foto, video, səsyazısı göndərməsi sonradan onlar üçün problemlər  yaradır. Belə ki, yaranan ilk gərginlikdə, narazılıqda bir-birinə hədə-qorxu gəlirlər. Məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxır.

Mövzu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin də fikirlərini öyrəndik.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Zakir Qurbanlının fikrincə, hər ölkənin özünəməxsus bir sosial şəbəkə anlayışı var: “Buna görə də sosial şəbəkələrdə “A” və “B” ölkələrinin insanlarının etdikləri paylaşımları, gündəmi tamamilə fərqli olur. Mən indi öz ölkəmizin sosial şəbəkə anlayışında qıcıqlandığım şeyləri yazacağam. İnsanlar etdiklərini, yediklərini, ümumiyyətlə, hər şeyi paylaşıb gündəmə gətirən səhifələr məni qıcıqlandırır. Reklamın pisi yaxşısı olmaz deyirlər, bunlar gündəmə gəldikcə daha çox tanınırlar. Əlbəttə, bunları sevən, dəyər verən, dəstəkləyən insanlar da var. Başa düşürəm, bu təbiidir. Sadəcə olaraq, mən bu cür insanları görmək istəmirəm. Sonrakı “qıcıqlandıran” şey isə bəzi “yumor” tipli səhifələrdir. Yaxşıları var əlbəttə, amma bir çoxu həqiqətən də səviyyə baxımından aşağıdır”.

Bakı Dövlət Universitetinin magistrantı Firuzə Huseynova isə daha çox gərəksiz mesajlardan narahat olduğunu qeyd etdi: “Yəqin ki, hamıya bu cür mesajlar yollanılır. İnsanlar özlərini ‘axmaq’, ‘saf’, ‘xəbərsiz’ kimi qələmə verib müxtəlif tanışlıqlar qurmaq məqsədilə gülünc mesajlar yollayırlar. Əminəm ki, onların 99%-i cavabsız qalır, amma yenə də bu əməllərinə davam edirlər. Bu baxımdan “Facebook” və “İnstaqram” mənim üçün bəzən dözülməz olur. Bu şəbəkələrdə yaradılan məqsədsiz və maraqsız qruplardan isə danışmağa da dəyməz. “Whatsapp”ın ən sevmədiyim özəlliyi, təbii ki, çoxlarına yollanan toplu mesajlardır. Lakin xoşbəxtlikdən bu hal hazırda kifayət qədər azalıb və “Whatsapp”a daxil olan şikayətlər səbəbi ilə bu addımı atanları məhkəməyə verəcəyini elan edib.

Sosial şəbəkələrdəki əsas problemlərdən biri də qadağan olunmuş kontentlərin yaradılması və yayılmasıdır. Bununla əlaqədar “Youtube” video şəbəkəsində minlərlə nümunə tapmaq mümkündür. Qadağan olunmuş kontentin gizli şəkildə, kodlarla və linklərlə yayılması halının qarşısını təəssüf ki, sistem hələ də ala bilmir. Amma azyaşlıların bu cür təhlükələrdən qorunması məqsədilə “Youtube” bu mövzu üzərində çalışır. Qadağan olunmuş kontentlərin yayılmasında “Facebook” da “Youtube”dan geri qalmır. Yaxın zamanlarda “Facebook”da moderator işləmiş insanların həmin materialları təsnif edərkən yaşadığı gərginliklər, psixoloji sarsıntılarla bağlı bir xeyli video izləyib, xəbər oxudum. Bu insanlar qorxunc və iyrənc paylaşımları hər kəsdən öncə görür və gün boyu buna dözməli olurlar. Bəziləri psixoloji dəstək alır, bəziləri isə intihar həddinə çatır. Bir müddət əvvəl isə “Facebook”un moderatorlarından birinin izlədiyi yasaq kontentlərə görə ürəktutmasından keçindiyi xəbərini oxudum. Əminəm ki, “Facebook” kimi böyük bir ictimai sfera alətinin minlərlə çalışanı arasında bu kimi problemləri yaşayanlar çoxdur. Məlumdur ki, hər paylaşıma qadağa tətbiq edilə bilməz, onların hamısı süzgəcdən keçməlidir.”

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Xəyyam Hüseynov sosial şəbəkələrdə həddindən artıq dini paylaşımlar edilməsindən, hətta toplu olaraq yazılı və ya səsli ismarıcların göndərilməsindən qıcıqlandığını bildirdi: “Bəzən insanların dini inanclarından, həssas məqamlardan sui-istifadə etmək istəyirlər. “Bu mesajı 20 nəfərə göndərsən arzun çin olacaq” başlıqlı təkrar-təkrar paylaşımların olması məni narahat edir. Din sosial sfera üçün doğru və uyğun olmayan bir mövzudur. “Youtube”da video izləyərkən dəfələrlə “arzu olunmaz və çağrılmamış” reklamların verilməsi, izləmədə fasilələrin yaranması məni qıcıqlandırır, konkret desəm əsəbləşdirir. Fikrimcə, istifadəçilər üçün narahatlıq yaratdığından bu reklamın uğursuz növüdür.”

Azərbaycan Dillər Universitetinin məzunu İlahə İsmayılova ən çox qıcıqlandıran məqam məhz sosial şəbəkələrin “xəbərçilik” funksiyasıdır. Onun sözlərinə görə, bəzən informasiyanın mahiyyətini dərk etmədən ağır xəbərin yüngül və ya əksinə təqdim olunması da çox yanlışdır. Gərəksiz yerə təlaş, həyəcan, “şok, şok...” effekti yaratmağa da ehtiyac yoxdur.

Yaqut Ağaşahqızı, “İki sahil”