01 iyul 2020 10:34
454

Sosial şəbəkələrdə COVID-19-u inkar edənlərə xatırlatma: Qəhrəmanlıq, vətənpərvərlik belə olmur!

Sürətlə yayılan qlobal bəla statuslu koronavirus insanların sağlamlığı üçün real təhlükə və ciddi təhdid mənbəyidir. Koronavirusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən ölkəmizdə də pandemiyanın fəsadlarından əhalinin qorunması naminə zəruri qabaqlayıcı, təxirəsalınmaz və mübarizə xarakterli tədbirlərin görüldüyü danılmazdır. Virusun yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən kompleks işlər birbaşa Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə həyata keçirilir.

Təəssüflər olsun ki, dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlər, görülən işlər bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən düzgün qiymətləndirilmir. Təəssüf doğuran digər mühüm məqam odur ki, dünyanın bir çox ölkələrində sosial mediadan maariflənmə və ya biznes məqsədilə istifadə olunduğu halda, ölkəmizdə bəzi vətəndaşlar bu tendensiyanın pozulması üçün əllərindən gələni edir, gücləri çatmadıqda isə klaviaturanın düyməciklərinə güc verirlər. Sosial şəbəkələri daha çox əsası olmayan mövzuların müzakirə olunduğu qeybət ocağına çevirirlər. Nəticədə isə cəmiyyət üzvlərinin yanlış məlumatlanmasına zəmin yaradılır.

Nəzər salsaq görərik ki, mart-aprel ayından etibarən bu cür əsassız fikirlər, yanlış təbliğatlar daha da artıb. “Koronavirus yoxdur, mən inanmıram, təcili tibbi yardım xidməti gec gəlir və ya heç gəlmir, xəstəxanada müalicə pis aparılır, həkimlər xəstələrə lazımi diqqət göstərmirlər, niyə xəstəliyə yoluxmuş şəxslərin hamısı xəstəxanaya yerləşdirilmir, evdə qalan xəstəyə kim nəzarət edir” kimi sual dolu şərhlər, statuslar, müxtəlif paylaşımlar sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanırdı. Koronavirusla mübarizənin genişləndiyi belə bir dönəmdə onsuz da hər kəs kifayət qədər təlaşlı, həyəcanlı və narahatdır. Təkcə özü üçün deyil, ailəsi, yaxınları və sevdikləri  üçün… Bəs belə  çətin dövrdə vəziyyəti  daha da gərginləşdirmək nəyə lazımdır?

Azərbaycan dövləti bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı. Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə  təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular.

Nəzərə alınmalıdır ki, hər bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə   aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir.

Yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni protokolun tətbiqini zəruri etdi. Mövcud durumda ancaq ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunur. 

Ev karantini şəraitində olan asomptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanılır, testlər götürülür. Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş şəxslər mövcud qaydaları və tələbləri pozaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çımış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karantin rejiminə riayət edib- etməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.

Koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı şəxslərin tövsiyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. Vətəndaşlar bilməlidirlər ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protokola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər. 

Həqiqətən də bilib-bilmədən günahlandırmaq, əsassız iddialarla pafoslu çıxışlar etmək çox asandır. Lakin hünər bu deyil. Qəhrəmanlıq, vətənpərvərlik belə olmur.  Hər birimiz bir insan kimi ilk olaraq mənəvi dəyərləri qorumalı, uca tutmalıyıq. Yoxsa ki… Sosial şəbəkələr üzərindən “virus yoxdur” başlıqlı çağırışlar etmək, “mənim yaxınım niyə koronavirus yoluxmur” kimi müəmmalı və kinayəli fikirlər səsləndirmək, mavi ekranlar vasitəsilə virtual aləmdə özünə tərəfdaşlar toplamaq çətin deyil. Çətin olan pandemiya ilə  mübarizə dövründə koronavirusdan əziyyət çəkən xəstələrə, onlara tibbi xidmət göstərən fədakar həkimlərimizə dəstək olmaq, virusdan qorunmaq üçün lazımi profilaktik tədbirlər bağlı maarifləndirici paylaşımlar etmək, insanları bilgiləndirməkdir. İstər real həyatda, istərsə də virtual aləmdə fəaliyyət istiqamətinizi hər zaman düzgün seçin. Yalanı yaymağa nə var ki, siz həqiqətin, düzgünlüyün çarçısı olun. Bax əsl insanlıq budur.

Koronavirusla mübarizədə hər bir vətəndaş əvvəla insanlıq, sonra da vətəndaş borcunu yerinə yetirərək, özünü, həmvətənlərini və dövlətini bu virusdan qorumalıdır. Məsuliyyətli, nizam-intizamlı və həmrəy olmalıdır. Koronavirus bizdən, müdafiəmizdən, məsuliyyətimizdən, həmrəyliyimizdən güclü olmayıb və olmamalıdır da!

Yaqut Ağaşahqızı,

“İki sahil”