25 iyul 2020 23:29
530

Sosial şəbəkələrdə, dünya KİV-lərində Azərbaycanın haqq səsini dünyaya çatdırmalıyıq

Azərbaycan xalqının öz dövlətçilik ənənələri, ordusu, hərbi sərkərdələri ilə dünya tarixində xüsusi yeri və rolu olub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq danışıqlarda, xarici və yerli KİV-lərə müsahibələrində, beynəlxalq və regional təşkilatlarda çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək. Ermənistan bütün işğal olunmuş ərazilərimizi tərk etməyincə bizim onlarla heç bir əməkdaşlığımız mümkün deyil. Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatları kobud şəkildə pozur, işğalçılıq və təxribat fəaliyyətini davam etdirir. İşğal olunmuş ərazilərimizdə qədim mədəni, dini abidələrimizi, məzarlıqlarımızı dağıdır, ekologiyamızı, flora və faunamızı məhv edir, su təhlükəsizliyi problemi yaradır, tarixi yer adlarımızı dəyişdirir, ərazilərimzidə qeyri-qanuni məskunkaşdırma siyasəti həyata keçirir. Təcavüzkar Ermənistan dövləti 1988-ci ildən başlayaraq təxribat və işğalçılıq əməllərini işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda davam etdirir. Bu il iyulun 12-dən başlayaraq isə mənfur qonşularımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ancaq fəxrlə deyə bilərik ki, ermənilərin bu təxribatının da qarşısı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. Təcavüzkar Ermənistan dövlətinə və təxribatçı ordusuna qarşı tədbirlər görüldü, onun canlı qüvvəsi və texnikası ordumuz tərəfindən məhv edildi. Qəhrəman hərbçilərimiz, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz oldu. Əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib. O deyib: “Şanlı ordumuzun rəşadəti və xalqımızın orduya, dövlətə dəstəyi və milli birliyi düşmən tərəfdə, eləcə də onları dəstəkləyən regional güclərdə təşviş yaradır. Son günlərdə bütün şəhər və rayonlarımızda, xaricdə ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə minlərlə insanın, xüsusilə də Azərbaycan gəncliyinin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu. Qardaş Türkiyənin, Pakistanın, Şimali Kipr Türk Respublikasının, Ukraynanın və digər dövlətlərin də Azərbaycanı dəstəkləməsi tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə yaradılan Ermənistana və onu müdafiə edənlərə bir haqq mesajı oldu. Bu gün biz, gənc alimlər də əlimizdə qələm, silahla dövlətimizə, ordumuza dəstək olmalı, Prezidentimizin ətrafında sıx birləşməliyik. Bu məqsədlə sosial şəbəkələrdə, dünya KİV-lərində, xarici mətbuatda müxtəlif dillərdə Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, susmamalıyıq. Döyüşlərdə qəhrəmancasına həlak olan hərbçilərimizə və şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Vətən sağ olsun!”.