19 iyul 2019 20:14
1096

Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilir

Dayanıqlı İnkişafa dair  Yüksək Səviyyəli Siyasi Forum Azərbaycanın bu sahədə qazandığı uğurların təqdimatına böyük töhfələr  verdi

Dövlətimizin başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərində qələbəsini təmin etdikdən sonra keçirilən andiçmə mərasimində son 15 ilə nəzər salarkən “15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik” söyləyərək növbəti  illərdə çox ciddi islahatların aparılacağını bildirmişdir. 11 aprel seçkilərindən başlanan təkmil islahatlar cari ilin ilk aylarından daha da dərinləşib. Son  16 ilə yaxın dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.  Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Minlərlə  məktəb, yüzlərlə xəstəxana tikilib və təmir edilib.  Bölgələrdə 40-dan artıq  Olimpiya İdman Mərkəzi yaradılıb. Ümumiyyətlə, atılan addımlar  sosial siyasətin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Cənab İlham Əliyev daim bildirir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

Bu günümüzün əsas çağırışlarından olan  yoxsulluqla mübarizədə   Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyi beynəlxalq səviyyəli tədbirlərdə xüsusi qeyd olunur.  Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi də ölkəmizin sosial islahatlar sahəsində əldə etdiyi uğurlara, ən əsası  insan amilinə verilən dəyərə əsaslanır. Qeyd edək ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini dərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib. Bu günlərdə  BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirərək,  regionda və MDB məkanında  ilk olaraq  Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu bildirmişdir.  BMT Baş katibinin müşaviri bu məqamı da xüsusi vurğulamışdır  ki,  BMT Dünya Bankı və Beynəlxalq Valyuta  Fondu ilə birlikdə regionda Dayanıqlı  İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə ən uğurlu ölkə olduğunu nəzərə alaraq Azərbaycanda bu istiqamətdə  pilot layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edir. Bu əməkdaşlıq, həmçinin  qaçqın və məcburi köçkünlərin  məşğulluqlarının artırılması istiqamətində layihələrin icrasında da özünü göstərir.

Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelimizin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət,  aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, “ABAD”, “DOST” mərkəzlərinin yaradılması  kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.

Əvvəldə də qeyd etdiyimiz kimi,  son 16 ilə yaxın dövrdə  yoxsulluq təxminən 50 faizdən 5 faizə enib. İşsizlik də  5 faiz səviyyəsindədir. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb. Artıq 2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə kimi tanınması ilə yazıldı.  Dövlətimizin başçısı İlham Əliyev məhz əhalinin say tərkibinin genişləndiyini nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasının daimi proses olduğunu, bu istiqamətdə addımların davamlı xarakter almasının vacibliyini bildirir: “Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.”

Cənab İlham Əliyev, eyni zamanda bildirir ki, elan edilmiş və icra olunan  ciddi iqtisadi və sosial islahatlar  əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir.  Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən aylarında təsdiqlədiyi sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Bu paketdə yer alan   problemli kreditlərin həlli,  evlərin sənədləşdirilməsi kimi məsələlər əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ölkə Prezidentinin  təqdim etdiyi birinci  sosial islahatlar paketi  nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan  180 manata,  pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı.  Bu gün həmin artımlardan  800 mindən çox insan  bəhrələnir. Aprel ayının 1-dən sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib.  Belə ki, ölkə Prezidenti İlham Əliyevin  ikinci sosial paketini əhatə edən  18 iyun 2019-cu il tarixli sərəncamları insan amilnə dəyəri bir daha ortaya qoymaqla yanaşı, onların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlı xarakter aldığını nümayiş etdirdi.  İmzalanan 17 Sərəncamla  minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu.  Bu sənədlərə əsasən   minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çadırılacaq.  Həmçinin dövlətimizin başçısının Sərəncamı ilə  pensiyaların minimum məbləği  oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.  Atılan bu addımlar   2019-cu ilin  sosial islahatlar ili kimi tarixə yazılacağını şərtləndirir. Eyni zamanda, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində verdiyi bu vədə işıq salır: əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. 

Əməkhaqlarının, pensiyaların artırılması  müsbət dinamikanın göstəricisidir. Bu, ondan xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin sosial müdafiəsi prioritetdir. Hər zaman qeyd olunduğu kimi,  daim insanlara diqqət və qayğı göstərilən ölkədə xalq-iqtidar birliyi qaçılmazdır. Azərbaycan hələ 2011-ci ildə  ev sahibliyi etdiyi “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq tədbirdə bu fikir qeyd olunmuşdur ki,  yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın qabaqcıl ölkələrin təcrübəsinə  əsaslanan iqtisadi inkişaf strategiyası, ədalət prinsipinə əsaslanan sosial siyasəti və bunun nəticəsi olaraq yoxsulluqla mübarizə sahəsində uğurları təqdir edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı da edir: ən ucqar kəndlər də  iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq. Regionların, həmçinin  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.” Bu rəqəmi də  açıqlamaq  yerinə düşər ki, Dövlət proqramlarının uğurlu icrası nəticəsində son  15 ildə  iki milyona yaxın yeni iş yeri yaradılıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə Prezidenti İlham Əliyev, eyni zamanda,   müharibədən, işğaldan əziyyət çəkən soydaşlarımıza diqqət və qayğının həyata keçirilən siyasətin əsas tərkib hissələrindən olduğunu bildirir. Son illərdə  100-ə yaxın qəsəbə salınıb,  minlərlə məcburi  köçkün  evlərlə, mənzillərlə təmin edilib. Statistikaya əsasən, son 15 ildə  məcburi köçkünlərə  yemək xərci üçün  verilən aylıq  müavinət  4 dəfə, kommunal xidmətlərə görə  vəsaitin məbləği 4,5 dəfə  artırılıb.  Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində  atılan addımların nəticəsi olaraq  məcburi köçkünlər və qaçqınlar  arasında yoxsulluq  azalaraq 75 faizdən 12 faizə enib.  Dövlətimizin başçısı İlham Əliyevin son “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncamı bu diqqət və qayğının davamlığının göstəricisidir.  Dövlətimizin bu sahədə atdığı addımlar da  BMT-nin  Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda yüksək dəyərləndirilmişdir.

Dövlətimizin başçısı atılan addımlara söykənərək  “Bu siyasət davam etdiriləcək” söyləyir və bunu  davamlı xarakter alan Fərman və sərəncamları ilə təsdiqləyir.  Bu uğurlarımız  hədəflərimizin artıq reallıq olduğunu da  nümayiş etdirir. İnkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizlə yanaşı, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək də əsas məqsədlərdəndir.  Qeyd olunan Forumda  söylənilən “Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla reallaşır” fikri də keçilən yola və hədəflərin gerçəkləşdirilməsi yönümündə göstərilən səylərə əsaslanır.

Yeganə Əliyeva, “İki sahil”