22 yanvar 2021 17:38
526

Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilir

Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur

Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” söyləyən cənab İlham Əliyev bildirir ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcək, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar.

2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq 3 mərkəz fəaliyyət göstərir. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, ABAD, DOST layihələri bugünümüzün əsas çağırışı olan vətəndaş məmnunluğunun təmin edilməsində  əhəmiyyətli rol oynayır.   Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelimizin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.

Son 17 ildə  yoxsulluq təxminən 49 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev məhz əhalinin say tərkibinin genişləndiyini nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasının daimi proses olduğunu, bu istiqamətdə addımların davamlı xarakter almasının vacibliyini bildirir: “Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.”

Ölkəmizdə  həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.   Cənab İlham Əliyev, eyni zamanda bildirir ki, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ildən başlanan təkmil sosial islahatları öz müsbət nəticəsini verir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən iki sosial paket icra edildi. Bu paketdə yer alan  problemli kreditlərin həlli, evlərin sənədləşdirilməsi kimi məsələlər əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ölkə Prezidentinin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı, minimum pensiya artdı. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur. Bu, ondan xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin sosial müdafiəsi prioritetdir.  Azərbaycan hələ 2011-ci ildə ev sahibliyi etdiyi “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq tədbirdə bu fikir qeyd olunmuşdur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan iqtisadi inkişaf strategiyası, ədalət prinsipinə əsaslanan sosial siyasəti və bunun nəticəsi olaraq yoxsulluqla mübarizə sahəsində uğurları təqdir edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı da edir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur bizim məqsədimiz – vətəndaşlara yaxşı və eyni şərait yaratmaq. Dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə apardığı son bir ildə sosial-iqtisadi göstəricilərə diqqət yetirək. 2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilib. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir. Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi fond yaradılmış və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı  2020-ci ildən  daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əməkhaqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz  artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın göstərir. Cənub Qaz Dəhlizinin tamamlanması və TAP vasitəsilə Azərbaycan qazının dünya bazarına çatdırılması tarixi nailiyyətdir. Beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Dünya Bankının "Doing Business" hesabatı, Davos Dünya İqtisadi Forumu və sair beynəlxalq maliyyə qurumları Azərbaycan iqtisadiyyatının yüksək rəqabətliliyini təsdiqləyir, eyni zamanda, ölkəmiz 10 ən islahatçı ölkə sırasında qərarlaşır.

İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanmışdır. Şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılmışdır. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir. Ölkəmizin iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bütün kateqoriyadan olan vətəndaşların rifahının yüksəlməsinə xidmət edən addımların davamlı olmasını təmin edir.

Dövlətimizin başçısı atılan addımlara söykənərək “Bu siyasət davam etdiriləcək” söyləyir və bunu davamlı xarakter alan Fərman və sərəncamları ilə təsdiqləyir. Bu uğurlarımız hədəflərimizin artıq reallıq olduğunu da nümayiş etdirir. İnkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizlə yanaşı, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək də əsas məqsədlərdəndir. Beynəlxalq səviyyədə qeyd olunan “Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla reallaşır» fikri  məhz Azərbaycanın dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə cavablandırmasına əsaslanır.

Qeyd etdiyimiz kimi, son ilyarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il, həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması planlaşdırılır. Bununla 2021-ci ilin sonuna DOST mərkəzlərinin sayı 7-yə çatacaq. Göründüyü kimi, sosial xidmət sahəsində şəffaflığın təminatı, vətəndaş məmnunluğunun artırılması  həyata keçirilən siyasətin əsas tərkib hissəsidir və hazırda bu göstəriciyə görə də Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur.

Yeganə Əliyeva, “İki sahil”