01 aprel 2019 11:27
1499

Soyqırımı qurbanlarının xatirəsi Tərtərdə ehtiramla yad edilib

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da müxtəlif tədbirlərlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 31-də rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, məktəblilərin faciəyə həsr etdikləri rəsm sərgisinə baxıblar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata keçiriblər. Azərbaycanlılara qarşı soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasında minlərlə azərbaycanlını, o cümlədən qadın və uşaqları qətlə yetiriblər. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilib, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya ediliblər. Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti soyqırımı və işğal nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, bir milyondan çox soydaşımız öz dədə-baba torpağından didərgin düşüb, ərazimizin 20 faizi işğal edilib.

Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilərkən bildirilib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində məqsədyönlü və davamlı iş aparılır.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, soyqırımı siyasətinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinə dair apardığı işlər Azərbaycanın haqlı mövqeyinin dəstəklənəcəyinə, ədalətin tezliklə öz yerini tapacağına hər birimizdə böyük inam yaradır.

Tədbirdə digər çıxış edənlər ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.