25 may 2019 09:54
1004

“SÖZ” layihəsi yeni təqdimatda - FOTO

Mayın 24-də ölkəmizdə populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə “SÖZ” ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın “SÖZ” layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm də onların inkişafı və birləşməsi üçün şəraitin yaradılmasındadır.

N.Həsənzadə deyib ki, yeni konsepsiya gənc müəlliflər üçün “açıq qapılar”ın keçirilməsini nəzərdə tutur. Burada gənc qələm əhli dostlar, həmkarlar və layihələrin rəhbərləri ilə görüşə, faydalı məlumatları bölüşə, habelə onları maraqlandıran sualları cavablandırmaqla yanaşı, ayda iki dəfə dostlara əsərlərini təqdim edə bilərlər.

Layihənin direktoru bildirib ki, “SÖZ” layihəsinin məqsədi həm yerli, həm də xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: “Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları “SÖZ” adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı və tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim “SÖZ” adlı ailəmiz yarandığı gündən artıq üç ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi və inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub”.

Sonra gənc şairlər öz şerlərini oxuyublar.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.

Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.