25 aprel 2019 19:32
3218

SSRİ tarixinin ən böyük faciəsi: Çernobıl qəzasından 33 il ötür

Fəciə nəticəsində havaya atılmış izotopların ümumi radiasiya həcmi Xirosimaya atılmış atom bombasındakı analoqundan 30-40 dəfə çox idi

33 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu, bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi. 1986-ci ilin həmin günündə isə ölkə milyonlarla insanın taleyini dəyişəcək faciənin dəhşətli nəticələri haqqında hələ heç nə bilmirdi…

Partlayış Ukraynanın paytaxtı Kiyevdən 120 kilometr aralıda, Belarusla həmsərhəd ərazidə yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-ci enerji blokunda baş verir. Həmin vaxt Çernobıl Atom Elektrik Stansiyası dünyada ən iri atom stansiyalarından biri idi. O gecə turbogeneratorun fırlanma inersiyasının ölçülməsi üzrə təcrübə keçirilir. Əslində isə bu çox təhlükəli sınaq idi. Turbinlərə gedən su tədricən kəsilir və güclü buxarlanma baş verir. Yüksək istilik yanacaq generatorlarının səthinin dağılmasına səbəb olur. Təcrübənin başlanmasından 40-60 saniyə sonra yerli vaxtla saat 01:24-də iki böyük partlayış baş verir. Bəzi ekspertlərin fikrincə, daxili təhlükəsizlik sistemi cəmi 2 saniyə tez yandırılsaydı, turbogeneratorun çox qızmasının qabağını almaq mümkün ola bilərdi. Birinci partlayış nəticəsində yaranan buxar reaktorun min tonluq damını yerlə-yeksan edir. İkinci partlayış isə birincidən cəmi 2-5 saniyə sonra baş verir. İlk anda nə baş verdiyini heç kim anlamır. Yanğınsa hər saniyə daha geniş vüsət alır. Sərhəd tanımayan radioaktiv şüalanma əvvəl ətraf ərazini, sonra isə minlərlə kilometr sahəni ağuşuna alır.

Yanğınsöndürənlər və pilotlar öldürücü dozada şüalanırlar

Qəzanın aradan qaldırılmasına hadisədən dərhal sonra başlanılır. Dördüncü blok və ümumiyyətlə, AES ətrafında şüalanmanın dərəcəsi haqda məlumat əldə etmək mümkün olmur: radoaktivliyi ölçən cihazların biri partlayış nəticəsində sıradan çıxmış, digəri isə dağıntılar səbəbindən əlçatmaz idi. Stansiyanın personalı dağılmış blokun ətrafında olmanın nə qədər təhlükəli olduğunu ağıllarına belə gətirə bilməzdilər. O gecə 4-cü blokun damında olan 28 yanğınsöndürənin hamısı öldürücü dozada şüalanmaya məruz qalır. Briqada blokun damındakı yanğını söndürməyə müvəffəq olur. Amma reaktorun özü yanmağa davam edirdi. Yanğınsöndürən briqadasının ardınca hadisə yerinə hərbçilər cəlb olunur. Yanan reaktoru təcili zərərsizləşdirmək lazım idi. Lakin insanın 1 saniyə belə yaxınında dayana bilməyəcəyi bu qəza zonasında, çətin vəziyyətdə bunu necə həyata keçirməyi heç kəs bilmirdi. Bu zaman 150 metr hündürlükdə şüalanma dərəcəsi 3.5 min milli rentgen təşkil edirdi. Bu isə ölümcül dozadan 10 dəfə çox idi!

Atmosferə yayılan zəhərli tüstülərin qarşısının alınması yalnız 10 gündən sonra mümkün oldu. “Sarkofaq” adlanan bu əməliyyat nəticəsində yanan reaktorun üzəri 5 min tona yaxın qum və çınqıllarla örtülür. Onu da qeyd edək ki, bu əməliyyatda iştirak edənlərin 130 nəfəri azərbaycanlı olub. O dövrdə bütün keçmiş sovet respublikalarından qəzanın aradan qaldırılmasında iştirak etmək üçün insanlar cəlb edilmişdi. Ümumiyyətlə, qəza zamanı digər sovet respublikaları kimi Azərbaycandan da əsasən gənclərdən ibarət 7 min nəfərdən çox vətəndaşımız böyük təhlükəyə baxmayaraq, Çernobıla yollandı. Onların çoxlu elə oradaca həlak olur, qalanları isə ömürlük əlillik qazanır və ya ağır xəstəliklərə tutulurlar…

Qəzanın fəsadları

Qeyd edək ki, AES-in qəza zonası ətrafında 30 kilometrlik ölü zona yaranıb – burada qəzanın baş verdiyi andan indiyəcən heç kim yaşamır. Radioaktiv maddələrlə çirklənmə bəzi məlumatlara görə, Ukraynada, Rusiyada və Belarusda 56 min kvadrat kilometr ərazini əhatə etmişdi. Təxminən 5 milyon hektar torpaq sahəsi kənd təsərrüfatına yararsız kimi dövriyyədən çıxarılıb. Havaya atılmış izotopların ümumi radiasiya həcmi Xirosimaya atılmış atom bombasındakı analoqundan 30-40 dəfə çox idi. Hadisədən sonra radioaktiv bulud bütün Avropanı da bürümüşdü. Sonrakı illərdə Avropada 10 minə yaxın körpə eybəcərliklərlə dünyaya gəldi. 10 mindən çox insan qalxanabənzər vəzinin xərçəngi xəstəliyinə tutuldu. Yüksək radiasiya fonu Daun sindromu, xərçəng şişləri, leykemiya, katarakt və bir çox başqa qorxulu xəstəliklərə yoluxma riskini artırdı. Faciədən otən illər ərzində o da aydın oldu ki, atom energetikası özündə atom silahından da böyük təhlükə gizlədir: bir nüvə reaktoru yer kürəsinin tam yarısını zəhərləyə bilərmiş…

Çernobıl əlillərinə dövlət qayğısı

Hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Bu qəzanın aradan qaldırılmasında iştirak edən 7 min nəfərin 2 mindən çoxu artıq həyatda yoxdur. Ümummilli liderimiz, faciə baş verən zaman dəfələrlə qəza zonasına səfər etmiş və dəhşətləri öz gözləri ilə görmüş Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində 1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edib. Bu gün Azərbaycanda bu qanunu əsas tutaraq, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.

Sevinc Azadi, “İki sahil”