29 iyul 2020 10:43
247

Su həyatdır

Bu həyat mənbəyinin qədrini bilirikmi?

Bildiyimiz kimi, iyulun 23-də Prezident İlham Əliyevin rəhbərliyi ilə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxışı zamanı bildirib ki, infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır: “Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq.”

Qeyd edək ki, Prezident İlham Əliyev 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi bu komissiyaya tapşırılıb.

İclasda çıxış edən sözügedən komissiyaya rəhbərlik edən Baş Nazirin müavini Şahin Mustafayev bildirib ki, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. Bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Halbuki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur.

Müşavirədə ötən müddət ərzində bu istiqamətdə görülən işlərə, həmçinin həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin mahiyyətinə aydınlıq gətirilib. Belə ki, dövlət başçısının ölkədə yaranmış su qıtlığı ilə bağlı müvafiq qurumların rəhbərləri ilə keçirdiyi operativ müzakirədə ölkə regionlarının su təminatında olan problemlər ilə yanaşı, gələcəkdə həyata keçirilməli işlər də diqqət mərkəzində oldu. Göründüyü kimi, regionların su təsərrüfatındakı problemlər kənd təsərrüfatına və bütövlükdə, iqtisadiyyata da mənfi təsir edir. Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur.

Videoformatlı müşavirədə bu məqam da vurğulanıb ki, su itkisi əksər hallarda 40 faizdən çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir. İtkilərin azaldılması, eyni zamanda, su ehtiyatlarının artmasına səbəb ola bilər. Bu baxımdan su təsərrüfatlarında itkilərin qarşısının alınması üçün infrastrukturun daha da inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə nəzarətin gücləndirilməsinə də ciddi ehtiyac var. Bundan başqa, su ehtiyatlarının ədalətli bölgüsü də vacib məqamlardan biridir. Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda suyun yerlərdə fermerlər arasında ədalətli bölgüsü həyata keçirilmir və bu da suya olan tələbin tam ödənilməsinə imkan vermir. İçməli suya olan tələbin ödənilməsi üçün daxili mənbələrdən daha səmərəli istifadə zəruridir.

Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir. Bəzi mütəxəssislərin fikrincə, lazımi addımlar atılmadığı təqdirdə 2030-cu ilə qədər ölkəmizin bəzi ərazilərində səhralaşma prosesi istisna edilmir. Bu baxımdan sadalanan tədbirlərin kompleks şəkildə həyata keçirilməsi üçün sektor üzrə səlahiyyətli qurumların öz işlərini daha məsuliyyətlə və sistemli şəkildə görməsi lazımdır. Bu baxımdan, ictimaiyyətin üzərinə də çox vacib öhdəlik düşür. Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir. Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları hərəkətə çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”