09 yanvar 2020 15:43
250

Su ilə bağlı 109 mindən çox müraciət olunub - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2019-cu ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı xeyli artıb.

Hesabat ilində “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə  vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 109532 müraciət edilib. Müqayisə üçün qeyd edək ki, bu, 2018-ci illə müqayisədə 31,6 faiz çoxdur. 2019-ci ildə daxil olmuş müraciətlərin 59927-si  “ASAN Kommunal”, 49605-i isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb.  Ötən il vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal”  mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 300 mindən çox  müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki  “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”  mərkəzlərində təşkil olunub.

Orxan Vahidoğlu, "İki sahil"