KÖŞƏ

Qvami Məhəbbətoğlu

Su təsərrüfatı: Problemlər həllini tapır

13 avqust 2020 18:22
3685

Hazırda dünya üzrə su təchizatı ilə bağlı statistika heç də xoşagələn deyil. Bu da son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə təsirinin getdikcə daha çox hiss olunması ilə əlaqədardır. Bu səbəbdən müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Buna görə də ölkəmiz öz daxili potensialından bəhrələnərək su təminatı ilə bağlı meydana çıxan aktual çağırışları önləməyə çalışır. Nəticədə, respublikamızda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, ümumilikdə həyata keçirilən operativ tədbirlər nəticəsində ölkəmizdə əhalinin fasiləsiz su təminatı 70 faizə çatdırılıb. Halbuki Dövlət proqramlarının icrasına başlananda içməli su ilə təminatımız 40 faiz səviyyəsində idi. O vaxt Bakı şəhərində içməli suyu davamlı şəkildə sakinlərin 29 faizi alırdısa, bu gün paytaxt əhalisinin təxminən 82 faizi içməli su ilə fasiləsiz təmin olunur. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz təşkil edirdi. Hazırda bu rəqəm 63 faizdir. Bu sahədə müsbət dəyişikliklər yerli su potensialının hərəkətə gətirilməsinin, çaylarda sutəmizləyici qurğuların sayının artırılmasının nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə dövlətimizin başçısı bu səviyyəni tarixi nailiyyət adlandırmışdır.

Mütəxəssislərin fikrincə, bu prosesdə rayonlarda subartezian və artezian quyularının qazılması və əhalinin istifadəsinə verilməsi də mühüm əhəmiyyət kəsb etmişdir. Məlumata görə, 2013–2017-ci illərdə ölkəmizin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılıb. 2018-ci ildə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində bu məqsədlə 300 subartezian quyusu qazılıb. Ötən il isə əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun qazılması məqsədi ilə 21 milyon manat vəsait ayrılmışdı.

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq, cari ildə də bu istiqamətdə işlər davam etdirilir. Bu isə o deməkdir ki, içməli su, eləcə də meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlərdən biri kimi durmaqdadır. Elə  Prezident İlham Əliyevin su təsərrüfatı ilə məşğul olan xüsusi komissiyanı təşkil etməsi, eləcə də iyulun 27-də "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması bunun sübutudur. Yeri gəlmişkən qeyd edək ki, bu Sərəncamla, eyni zamanda, "Su ehtiyatlarından səmərəli istifadənin təmin ediləsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” da təsdiq edilib. Sənəddə digər tədbirlərlə yanaşı, əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu, eləcə də içməli su təchizatı ilə əlaqədar  problemlərin aradan qaldırılması məqsədi ilə subartezian və artezian quyularının qazılması da öz əksini tapıb. Bu yerdə bir faktı da xatırlatmaq yerinə düşərdi. Belə ki, uyul ayının əvvəlindən bu günədək Prezident İlham Əliyev su təsərrüfatı ilə bağlı 10-dan çox Sərəncam və Fərman imzalayıb ki, onların da əksəriyyəti subartezian və artezian quyularının qazılması ilə əlaqədardır. Onlardan biri də Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı Sərəncamdır. Bu sənəddə əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb. Ümumilikdə isə bu il 443 belə quyunun qazılması gözlənilir. Məlumata görə, artıq 200-ə yaxın quyuda işlər tamamlanıb.

Şübhəsiz, bütün bu görülən işlər yaxın illərdə ölkəmizdə içməli su və suvarma suyu ilə təminatın 100 faiz olacağını deməyə əsas verir.