26 iyun 2020 11:38
257

Su təsərrüfatında müasir texnologiyaların tətbiqi zamanın tələbidir

Xəbər verildiyi kimi, iyunun 17-də Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və digər nümayəndələri arasında videokonfrans keçirilmişdir.

Prezident İlham Əliyev videokonfransda bankın rəsmiləri ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə aid geniş müzakirələr aparmışdır. Bu sahələrdən biri də suvarma və su təchizatı ilə əlaqədar olmuşdur. Ölkəmizdə su infrastrukturunun çox hissəsinin istismar müddətinin başa çatdığını vurğulayan dövlətimizin başçısı elə bu səbəbdən bəzi ərazilərdə su itkimizin 40, hətta 50 faiz olduğunu bildirmişdir. Prezident bunu su resurslarının çatışmadığı bir ölkə üçün xoşagəlməz, qəbuledilməz hal kimi dəyərləndirmişdir: “Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq”.

Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaradılmışdır. Hazırda Sərəncamın icrasının təmin edilməsi məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın digər iştirakçıları ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər proqramı hazırlanır. Şübhəsiz, bu da suvarmanın inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə imkan verəcək.

Prezident İlham Əliyev sözügedən konfransda bu məqama toxunaraq qeyd etmişdir ki, ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim: “Çünki sizin bu sahədə çox böyük təcrübəniz var... Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur”.

Bir məsələni də vurğulayaq ki, artıq ölkəmizdə mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması istiqamətində müəyyən addımlar atılıb. Dövlətin yaratdığı imkanlar hesabına xaricdən gətirilən yeni suvarma sistemləri və su itkisinin qarşısını almaqla yanaşı, məhsuldarlığa da öz müsbət təsirini göstərir. Belə ki, rəsmi məlumatlara görə, kiçik və orta taxılçılıq təsərrüfatlarında hər hektardan 30 sentner məhsul götürüldüyü halda, iri fermer təsərrüfatları və aqroparklarda müasir suvarma sistemləri hesabına bu rəqəm 60 sentnerdən yuxarıdır. Bu mənada bu addımlar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də o deməkdir ki, meliorasiya sahəsində, ümumiyyətlə, su təsərrüfatında müasir texnologiyaların tətbiqi zamanın tələbidir.

Qeyd edək ki, su problemi təkcə yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşan ölkəmizdə yaşanmır. Belə ki, son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə təsiri getdikcə daha çox hiss olunmaqdadır. İndi ümumiyyətlə, dünyada su çatışmazlığı ən böyük problemlərdən biridir. Mütəxəssislərin fikrincə, ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır.

 “Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir” deyən Prezident İlham Əliyev ölkənin su probleminin həllinə xüsusi diqqət yetirir və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirir. Belə ki, Şəmkirçay, Taxtakörpü və Tovuzçay su anbarlarının tikilməsini, kanalların çəkilməsini rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatına böyük töhfə adlandırmaq olar. Son bir neçə ildə təqribən yüz min hektara yaxın torpağa - vaxtilə suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan torpaqlara suyun verilməsi təmin olunub. Dövlətimizin başçısı tərəfindən rayonlarda subartezian quyularının qazılması ilə bağlı imzalanan sərəncamlar da böyük əhəmiyyət kəsb edir. Hətta koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq, meliorasiya və su təsərrüfatı sahəsində işlər davam etdirilir. Faktlara müraciət edək. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Sərəncamı ilə əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,19 milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Təkcə bu ay Ağstafa və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair sərəncamlar imzalayıb. Qeyd edək ki, dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq demişdir: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bu proses cari ildə də davam etdiriləcək”. Dövlətimizin başçısı 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırmışdır.

 Şübhəsiz, Dünya Bankının rəsmiləri ilə keçirilən videokonfrans da bu istiqamətdə görülən işlərə öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu,

“İki sahil”