28 iyul 2020 13:42
185

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti qeydiyyata alınıb

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.

"İki sahil" xəbər verir ki, bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Glassica” QSC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 22-yə çatıb.

“Glassica” QSC tərəfindən Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə Sənaye Parkının ərazisində müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa olunacaqdır. Layihənin investisiya dəyəri 20 mln. manatdan çoxdur.

Müəssisədə  70-dək daimi iş yeri yaradılacaqdır.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.