26 aprel 2019 09:53
1714

Sumqayıt Təlim, Tədris Mərkəzində DMX-nin nümayəndələri ilə görüş - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlar əvvəlcə təlim mərkəzinin sinif otaqlarında, laboratoriyalarında və emalatxanalarında qurulmuş simulyatorların iş prinsipləri, mövcud standartlar, əyani vəsaitlər, qaynaq sexində yerinə yetirilən işlər, istifadə edilən avadanlıqlar və materiallar ilə tanış olublar.

Daha sonra dəyirmi masa arxasında aparılan danışıqlarda iştirak edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov Şirkətin həyata keçirdiyi peşə hazırlığı proqramı və kadr potensialının müasirləşdirilməsi istiqamətində yerinə yetirilən işlərdən söz açıb.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov ölkənin neft, qaz, neft-kimya sənayesində mühəndis-texniki işçilərin hazırlanması və onların bacarıqlarının təkmilləşdirilməsi istiqamətində İdarənin təlim mərkəzlərində təşkil olunan müxtəlif təyinatlı təlim kursları, təlim mərkəzlərinin beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınması və təlim proqramlarının lisenziyalaşdırılması barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, yeni tərəfdaşlar ilə birlikdə intensiv təlim kurslarının təşkili məsələlərinə toxunulub.

Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev yerli əmək bazarında ehtiyac duyulan peşələr üzrə kadrların hazırlanmasının aktuallığını vurğulamaqla bərabər, ölkədəki məşğulluq imkanlarının artırılmasına töhfə verilməsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinin rolunu əhəmiyyətli hesab edib. O, həmçinin Dövlət Məşğulluq Xidmətinə müraciət edən gənc mütəxəssislərin TTSİ-nin təlim mərkəzlərinin potensialından faydalana biləcəyini qeyd edib.

Sonda əməkdaşlığın təfərrüatları barədə tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Orxan Vahidoğlu, “İki sahil”