04 fevral 2019 13:45
147

Sumqayıtda qaz kəmərləri yenidən qurulur

Sumqayıt şəhərində qaz kəmərləri yenidən qurulur.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, birlik respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması, əhalinin “mavi yanacaq”la təhlükəsiz, itkisiz və keyfiyyətli təminatı məqsədilə aparılan işləri uğurla yerinə yetirir. Birliyin həyata keçirdiyi müvafiq proqrama əsasən, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində fəaliyyəti davam etdirilir.

Görülmüş işlərin nəticəsi olaraq, paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 min 700 metrədək qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2500 metrədək qaz kəməri çəkilib. Bundan başqa, şəhərdə həyətyanı sahələrdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Aparılan işlərin nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.