07 oktyabr 2019 20:25
111

Tanınmış ziyalı, pedaqoq və şair...

Oktyabrın-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində YAP Yasamal rayon təşkilatının sədri, AzMİU-nun Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədovun yaradıcılığına həsr olunmuş “Mən müəlliməm!” adlı  tədbir keçirildi.

Tədbirdə çıxış edən Tağı Əhmədov bildirdi ki, yaradıcılığımla bağlı tədbirin bu gün keçirilməsi təsadüfü deyil. İstədim ki, bu xoş günü məhz müəllimlərin peşə bayramında həmkarlarımla birgə qeyd edək. Hər bir insan bu dünyaya yalnız yaşamağa yox, həm də özünün təkrarsız olduğunu göstərməyə, Vətənə sədaqətini təsdiq etməyə, bu və ya digər səviyyədə dünyada yaxşı iz qoymağa gəlir. Doğrudur, bu dünyaya gələn hər peşə sahibinin özündən  sonra iz qoya bilmir. Ancaq elə bir peşə var ki, bu peşənin sahibinin hər kəsin formalaşmasında izi olur. Bu, müəllim peşəsidir. Hansı sahədə çalışmağımdan asılı olmayaraq hər zaman müəllim olmağımla fəxr etmişəm. Elə yaradıcılıqla bağlı tədbiri də məhz müəllimlərlə qeyd etməyim buna bariz nümunədir.

Tədbirdə AzMİU-nun elmi-texniki işlər üzrə prorektoru Arif Şərifov çıxış edərək bildirdi ki, Tağı Əhmədov öz nümunəvi keyfiyyətləri ilə hər kəsin ürəyində özəl yer tutmuş, o cümlədən, geniş dünya görüşünə malik olan bir şəxsiyyətdir. Tağı Əhmədov yalnız siyasi-ictimai sahədə deyil, həm də yaradıcılıq potensialına görə seçilən insanlardandır və bu gün də o yorulmadan hər bir işin öhdəsindən layiqincə gəlməkdədir. Tağı Əhmədov yaradıcılığı bu gün onu tanıyanlara xüsusi ovqat bəxş edir. Belə ki, onun Tağı Sadiq təxəllüsü ilə yazdığı şeirləri insanların könüllərini oxşayır.

AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov çıxışında vurğulayıb ki, Tağı Əhmədov kimi ziyalı, yaradıcı və ictimaiyyətçi şəxsiyyətlə çiyin-çiyinə çalışmaq böyük şərəfdir və bütün bunları o, öz insansevərliyi, göstərdiyi diqqət və qayğısı nəticəsində əldə edib. Ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalan T.Əhmədov bu gün  Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən bariz dəstəkçisi olaraq, dövlətçilik və Yeni Azərbaycan Partiyasının yolunda əzmlə çalışmaqda davam edir.

Tədbirdə şair Rafael İncəyurd çıxış edərək bildirdi ki, demək olar ki, o, Tağı Əhmədovun bütün kitablarının redaktoru olub. Onun yaradıcılığı ilə çox yaxından tanışdır. Tağı Əhmədov mənsub olduğumuz xalqın, millətin ruhundan, təbiətindən doğulub, uşaqlıq, yeniyetməlik, gənclik illərindən bu dünyanın, həyatın düz üzünü də, tərs üzünü də görüb. Bütün bunlarla yanaşı, Tağı Əhmədov ictimai-siyasi xadimdir. Ümummilli lider Heydər Əliyevin gərgin mübarizələr şəraitində başladığı, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli müstəqillik hərəkatının sədaqətli əsgərlərindən biridir. Eyni zamanda, o, özünü ədəbiyyatda, poeziyada da sınayıb, hisslərini, duyğularını gizlətməyib, gözəl şeirlər  yazıb. Heç də təsadüfi deyil ki, bugünkü  poeziyamızda bir “Tağı Sadiq” imzası var. O Tağı Sadiq ki, ilhamını ilk növbədə Ana Vətəndən - Azərbaycandan alır.

Tədbirdə  tanınmış müğənnilər Ayşən Mehtiyeva, Çilenay Hüseynova və Almaxanım Əhmədova Tağı Sadiqin sözlərinə bəstələnmiş mahnılarla dinləyicilərə zövq verdilər.

Tədbirlə bağlı təəssüratlarını İki sahil.TV ilə bölüşən Tağı Əhmədov bir neçə şeirini də səsləndirdi.

Şəmsiyyə Əliqızı, “İki sahil”