17 may 2019 10:24
895

TAP-ın təməlinin qoyulmasından üç il ötür

Bu müddət ərzində layihə üzrə işlərin 86,5 faizi icra edilib

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi təkcə ölkəmiz və region üçün deyil, bütün Avropa üçün prioritet enerji layihələrindən biridir. Dörd seqmentdən (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri) ibarət bu nəhəng layihənin üç seqmenti artıq istismara daxil olub. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti - Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası da uğurla irəliləməkdədir.

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP, Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

TAP boru kəməri Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Bu boru kəməri vasitəsilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Hazırda TAP-ın çəkilişi üzrə işlərin 86,5 faizi icra olunub. Kəmərin operatoru olan TAP AG şirkətinin ötən ay yaydığı məlumatda bildirilir ki, TAP-ın Albaniyada ilk dəniz boruları müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. TAP ötən ilin oktyabrında boru kəmərinin dəniz hissəsinin tikintisi işlərinə başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. Boru kəmərinin Adriatik dənizindən keçəcək hissəsində ümumi tikinti işlərinin 10 faizdən çoxu icra olunub. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla 2 kompressor stansiyasının inşası qrafik üzrə davam edir. Kipoidəki stansiyada ümumi tikinti işlərinin 79 faizi yekunlaşıb. Fierdəki kompressor stansiyasının inşasının isə 77 faizi başa çatıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. İtaliyada mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Tikinti işlərinin çətinliyi həm də onunla bağlıdır ki, kəmərin bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var. Üstəlik, digər kəmərlərdən fərqli olaraq TAP-ın böyük hissəsi suyun altından keçir. Bütün bunlara baxmayaraq, inşaatçılar öhdələrinə düşən işi bacarıq və səriştə ilə yerinə yetirirlər.

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Hazırda Cənub Qaz Dəhlizinin reallaşmasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edirlər. Üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Xorvatiya, Monteneqronun növbəti mərhələdə layihəyə qoşulacağı gözlənilir. Beləliklə, bu qlobal xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli üzərində qərar tutub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz).

Sevinc Azadi, “İki sahil”