08 fevral 2019 11:59
153

Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmə xüsusi önəm verildiyini bildirib, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi Arxivi və Kitabxanası barədə məlumat verib. Bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb. Elmi Arxiv və Kitabxanada 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, xəritələr və s. var.

Sonra tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.