23 may 2019 17:15
2016

Tarixçi alimin həyat yolunun bir anı… - FOTO

Tanınmış elm xadimi, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor  İradə Hüseynovanın  universitetin müəllim və tələbə heyəti ilə görüşü maraqlı məqamlarla yadda qaldı

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu fikirlərini yada salmaq istərdik: «Həyatın mənası çox və yaxud  az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda  öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.» Keçilən həyat yolunun zənginliyi, eyni zamanda, hər bir insanın fəaliyyət istiqamətindən, seçdiyi peşəyə bağlılığından, daim özünə ünvanladığı «mən xalqım üçün nə etmişəm» sualına cavablarından asılıdır. Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin  görüşünə gələn  YAP Siyasi Şurasının üzvü, partiyanın Qadınlar Şurasının İdarə Heyətinin üzvü, YAP-ın humanitar məsələlər üzrə komissiyasının sədr müavini,  BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovanın həyat yolu, elmi-pedaqoji və ictmai-siyasi fəaliyyəti örnək, Azərbaycan təhsilinin, elminin inkişafı üçün zəngin mənbədir. Bu mühüm məqam da xüsusi qeyd olunmalıdır ki, İradə Hüseynova dünya tarixşünaslığında ulu öndər Heydər Əliyev haqqında ilk  fundamental elmi əsərin-doktorluq dissertasiyasının müəllifidir.

BDU-nun tarix fakültəsinin müəllim və tələbə heyətinin, eyni zamanda, həmin fakültəni bitirən tanınmış elm və siyasət adamlarının iştirakı ilə keçirilən  görüşü giriş sözü ilə açan  universitetin Tarix fükültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov İradə Hüseynovanın Azərbaycan elminə, xüsusilə  tarix elminə verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından geniş  bəhs edərək bildirdi ki,   onun  yorulmaz fəaliyyəti gənclərimizə nümunə olmaqla yanaşı, daha səylə çalışmalarına stimuldur.

Doktorluq dissertasiyası «Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu» mövzusunda olan İradə xanım Hüseynovanın müsahibələrinin birində söylədiklərindən:

- Heydər Əliyevin tədqiqatçısı kimi deyə bilərəm ki, onun hakimiyyətinin hansı dövrünə nəzər salsaq,  hər bir mərhələ səciyyəvidir, maraqlıdır, öz xalqı, dövlətinə bağlılığı ilə fərqlənir. Doktorluq dissertasiyasını yazarkən, dərk edirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. Ümummilli lider Heydər Əliyev haqqında kimsə elmi əsər yazmaq istəyirsə, sanballı tədbiqat işi olmasını qarşıya məqsəd qoyursa, hər şey ölçülüb biçilməli, arqumentlərə, faktlara, onun gördüyü real işlərə söykənməlidir.  Bu gün fəxr edirəm ki, dissertasiyamı ulu öndər Heydər Əliyevin birbaşa xeyir-duası ilə  yazmışam.

İradə xanım bu əlavəni də etmişdir ki, işləri yekunlaşdırmaq ərəfəsində özümdə belə bir ehtiyacı duydum ki, ərsəyə gələcək tədqiqatın  daha  dolğun, daha hərtərəfli olması  üçün bilavasitə tədqiqat obyekti olan ümummilli lider  Heydər Əliyevin şəxsi arxivindən istifadə edim.  Bununla bağlı ulu öndər  Heydər Əliyevə müraciət etdim. Dərhal müvafiq tapşırıqlar verdi ki, lazım olan sənədlər tədqiqatçının ixtiyarına verilsin. Mən də üzərimə düşən vəzifəni yüksək səviyyədə icra etməyə çalışdım və ulu öndər  Heydər Əliyevin şəxsi arxivindən istifadə etdiyim sənədləri ilk dəfə elmi dövriyyəyə daxil etdim. Bir tədqiqatçı olaraq ulu öndər  Heydər Əliyevin şəxsi arxivindən  istifadə etmək imkanının ilk dəfə  mənə nəsib olmasından qürur duyuram.

Çıxışlarda qeyd olundu ki, Əliyevşünas, Qafqazşünas alim kimi  elmi məktəb yaratmış professor İradə Hüseynova 300-ə yaxın elmi əsərin,  çoxsaylı monoqrafiyanın və dərsliklərin müəllifidir.  Xarici ölkələrdə keçirilən  beynəlxalq konfranslarda  ali kürsülərdən, o cümlədən BMT-nin və Avropa Şurasının tribunalarından çıxışlar edərək Azərbaycan dövlətinin maraqlarını yüksək səviyyədə  təmsil etmişdir.   İradə Hüseynova dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə   2006-cı ilin oktyabr ayında  Azərbaycan-Belarus Respublikası və  Azərbaycan -Moskva şəhəri arasında  hökumətlərarası komissiyaların üzvü təyin edilib. Avropanın ən məşhur elmi mərkəzlərindən biri olan Oksford Universitetində 2011-ci ilin iyununda keçirilmiş  «Avropa liderlər sammiti» tədbirində Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

Görüşün səbəbkarı İradə Hüseynova  həyat yolunu müəllim və tələbə heyəti ilə bölüşərək bildirdi ki,  ilk növbədə BDU onun üçün doğma bir ocaqdır. 17 yaşından başlayaraq həyatının ən önəmli anları bu ali təhsil müəssisəsi ilə bağlıdır.

Təqdimata ehtiyacı olmayan,  İradə Hüseynova dedikdə  bütün ictimai-siyasi, elmi fəaliyyəti göz önünə gəlsə də «protokol qaydalarına» uyğun olaraq tanıtım verməyi özümüzə borc bildiyimizdən tarixçi-alimin görüşdə özü haqqında söylədiyi bu fikirləri də  diqqətə çatdırırıq.    Bakı şəhərində anadan olduğunu və 1980-ci ildə paytaxtın 8 saylı orta məktəbini əla qiymətlərlə bitirdiyini söyləyən  İradə Hüseynova elə  həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub.

Bildirildi ki, onun tarix elminə olan hədsiz marağı sonradan ictimai siyasi və elmi fəaliyyətinə də böyük təkan verib. Universitetdə yüksək fəallığı ilə seçilən İradə Hüseynova Tarix fakültəsinin əyani şöbəsinin hələ II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının sədr müavini vəzifəsinə seçilmiş, 1981-1989-cu illərdə bu vəzifədə işləmişdir.

İradə Hüseynova görüşdə bu məqamı da qeyd etdi ki, universitetdə oxuduğu müddətdə elmi cəmiyyətin fəaliyyətində, respublika və İttifaq səviyyəli ictimai-siyasi işlərdə fəal iştirak edib. Ali təhsil aldığı illərdə ilk dəfə ulu öndər Heydər Əliyevlə görüşdüyünü xatırladan İ.Hüseynova bildirdi ki, tələbə ikən onlar ölkənin kənd təsərrüfatının inkişafına yardım məqsədi ilə pambıq yığımına və s. işlərə cəlb olunaraq, əmək fəaliyyətlərini şaxələndiriblər. Məhz həmin ərəfədə onun rəhbəri olduğu tələbə heyəti respublika üzrə birinciliyi qazanıb. Bundan sonra Azərbaycan KP MK-dan BDU-ya məktub göndərilib ki, o, hazırda ulu öndər  Heydər Əliyevin adını daşıyan, o dövrlərdə isə Respublika Sarayında çıxış edəcək. Öncə həyəcan keçirdiyini, sonradan isə belə bir məsuliyyətli işin öhdəsindən şərəflə gəldiyini qeyd edən İradə Hüseynova  həmin iclasda ulu öndər Heydər Əliyevin də iştirak etdiyini qeyd edərək, dahi şəxsiyyətin onun çıxışına diqqətlə qulaq asdığını bildirdi.

İradə Hüseynova xalqımızın  Umummilli Lideri ilə bir neçə dəfə  görüşü olduğunu vurğulayaraq, onlar barədə görüş iştirakçılarına geniş məlumat verdi. Tarixçi-alim  ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətlənməsi istiqamətində ardıcıl, dinamik fəaliyyət göstərdiklərini qeyd edərək bildirdi ki,  bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı möhtərəm  Prezidentimizin yanındadır və Onun ətrafında sıx birləşərək gələcəyə doğru inamla irəliləyir. Cənab İlham Əliyev  bu gün Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir. Azərbaycan gələcəkdə də  müstəqil, demokratik, sivil dövlət olaraq dünyada özünü tanıdacaq,  etibarlı tərəfdaş, pespektivi olan bir dövlət kimi təsdiq edəcək və hər zaman böyük dövlətlərin marağında olacaq ki, ölkəmizlə münasibətlər qurulsun, böyük layihələr həyata keçirilsin. Azərbaycanın gələcəyi çox parlaqdır. Çünki bu gün Azərbaycana rəhbərlik edən şəxsiyyət  Heydər Əliyev ocağından bəhrələnən, onun ideyalarının qüdrətli  daşıyıcıçı,  siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevdır.   Biz alimlər, ziyalılar cənab  İlham Əliyevin ətrafında daha da sıx birləşməli, Ona öz əməli fəaliyyətimizlə dəstək olmalıyıq.

Tarixçi- alim  Azərbaycan Respublikası təhsil nazirinin müavini işlədiyi zaman ölkənin ali təhsil sisteminə, elm sahəsinə, Azərbaycanda təhsilin idarə olunmasına, təhsilin strategiyasının müəyyənləşdirilməsinə, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə, inklüziv təhsilə, təhsil sistemində gender məsələlərinin həllinə və s. kimi sahələrə rəhbərlik edərək, bir çox uğurlara imza atdığını da diqqətə çatdırdı.  Hər bir nailiyyəti  ona növbəti uğurlarında stimul olmuş və bundan sonsuz qürur hissi keçirmişdir.

Qeyd edək ki, bu günlərdə  İradə Hüseynovanın təqdimatları sırasına daha bir uğur yazıldı.  Tarixçi-alim  İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə «Elm və sülh səfiri» beynəlxalq tituluna və mükafatına, həmçinin «Avropa Xidmət Ordeni»nə layiq görülüb. Bütün fəaliyyəti boyu məqsəd və məsuliyyətin birliyi fonunda daim  irəliyə doğru addımlamaqdan qürur hissi keçirən, yorulmaz fəaliyyətindən stimul alan, timsalında «Ziyalı xalqın  nur çırağıdır» tezisinin daha qabarıq şəkildə  əksinin tapdığını böyük əminliklə qeyd etdiyimiz İradə Hüseynovanın müsahibələrində söylədiyi bu fikirləri də yada salaq: «Həyat kredosu mənim üçün nədir?  Sən nə etmisən, bu cəmiyyətdə yerin, rolun, qoyduğun iz nədir? Təbii ki, yaşanan hər bir il  özü xoşbətlikdir. O əgər Allah tərəfindən bəxş edilirsə, hər bir məqamı,  ili, günü, saniyəni  elə yaşamalısan ki, doğrudan da sonradan heyifsilənməyəsən. Bunu müdriklər  deyib, amma mən də bunu öz həyatımdan, təcrübəmdən  irəli gələrək, qaynaqlanaraq deyirəm. Elə yaşayasan ki, sonradan heyifsilənib deməyəsən ki, mən niyə belə  etdim, belə  etsəydim daha yaxşı olardı.  Əgər o sualları bütün illər ərzində özünə az verə biləcəksənsə, deməli, sən öz işini düzgün qurmusan, həyatın cəmiyyət, insanlar üçün gərəkli işlərlə  zəngin olub. Hər birimizin daxilində Allaha, o uca Tanrıya bağlılıq olmalıdır. Hər bir hərəkətini onunla, öz vicdanınla  razılaşdırmalısan ki, mən bunu düzmü edirəm?  İnsan özünə tənqidi yanaşmağı bacarmalıdır. Hər gün də mükəmmələşərək, müdrikləşərək,  inkişaf etməlidir. İnkişafı üçün nə etməlidir? Təbii ki, işləməli, zəhmət çəkməlidir. Zəhmət heç zaman itmir. İnsan özünə qarşı tələbkardırsa, ətrafında olan mühit də ona uyğun olacaq. İnsan öz taleyinin yaradıcısı olmalıdır. İnsan özünə güvənməyi bacarmalıdr. Mən də həyatımı bu amallar üzərində qurmuşam.»

Tədbirdə çıxış edən tanınmış elm adamları, tələbə və müəllimlər, ictimai-siyasi xadimlər İradə Hüseynovanın elmi, siyasi yaradıcılığının hədsiz dərəcədə tarixi araşdırmaçılıq elminə, o cümlədən Qafqaz xalqlarının tanıdılmasına töhfələr verməsindən geniş bəhs etdilər.

Sonda  İradə xanımın bədii yaradıclığından bəhs edən videoçarx nümayiş etdirildi,  müəllifi  olduğu kitablar görüş iştirakçılarına hədiyyə edildi,  tələbə və müəllim heyəti ilə xatirə şəkli çəkdirildi.  Maraqlı keçən görüşün gənclərimiz üçün ibrətamiz mənası və səciyyəsi oldu.

Yeganə Əliyeva, «İki sahil»