02 dekabr 2020 22:15
2071

Tarixi Qələbəmizin əsas formulu: Xalq-iqtidar-ordu birliyi

Vətən müharibəsi müasir tariximizdə daim böyük qürurla xatırlanacaq, eyni zamanda, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq ən parlaq səhifə kimi  öz əksini tapdı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Qələbə zəfərini yazdı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələri hərbi yolla azad edildi, erməni ordusu darmadağın edildi. Təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya - Azərbaycan - Ermənistan  birgə Bəyanatını imzalamağa  məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Eyni zamanda, Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, sentyabrın 27-dən başlayaraq dekabrın 1-nə qədər davam edən bu mərhələdə  Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.  Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan əsgərlərinin igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı isə bu zəfərin kulminasiyası nöqtəsi kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi.

Məlumdur ki, dünyanın müvafiq reytinq agentliklərinin sorğusuna görə, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuşdur. Bu sorğu, əsasən, orduların malik olduğu fiziki ölçülərə görə aparılır. Amma bu sorğu meyarlarına ordunun məharəti, taktiki təfəkkürü, mənəvi dəyərləri, döyüşkənliyi kimi meyarlar daxil deyildir. Azərbaycan dövlətinin rəhbərliyi altında formalaşdırılmış Milli Ordumuz isə yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Bu döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal faktı ilə barışmayacaq. Müzəffər ordumuz bir də onu sübut etdi ki, dünya güclərinin regiondakı reallıqlarla hesablaşacağı, təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən güclü Azərbaycan var!

Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko­mandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Vətən müharibəsindəki möhtəşəm Qələbə də Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi.  Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi oldu.  Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük Qələbəmizi reallaşdırdı.

Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi Tarixi Zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın­da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü­barizlik, müdriklik rəmzinə çevrildi. Prezident İlham Əliyev xarici televiziyalara verdiyi müsahibələrdə Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibələrində ifşa etdi. Ali Baş Komandanın savaş günlərində xalq müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi müsahibələrdə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğatı üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.

Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.

Göründüyü kimi, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən ümummilli həmrəyliyi Azərbaycanı möhtəşəm Qələbəyə qovuşdurdu.  Bu şanlı, tarixi Qələbənin əldə olunması münasibətilə bir daha xalqımızı,  müzəffər Ali Baş Komandanımızı, əzmkar ordumuzu təbrik edir, Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirik. Qələbəmiz mübarək, gözümüz aydın olsun!

 

Yaqut Ağaşahqızı, “İki sahil”