28 iyul 2020 18:25
308

Tarixin yaddaşına hopan insan fəryadları

1920-1950-ci illərdə sovet dövlətinin apardığı repressiya siyasəti nəticəsində  Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Bu bir  faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə dururdu.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olublar. Söz yox ki,  ilk vaxtlar Azərbaycan SSR İnqilab Komitəsində və Azərbaycan SSR Xalq Komissarları Sovetində milli yönümlü kommunistlərin sözünün keçdiyi müsəlmanlar üstünlük təşkil edirdilər. Amma  onların Mərkəzi Komitə və Rəyasət Heyətində say çoxluğuna malik olmalarına baxmayaraq, 1920-ci illərin əvvəlində MK-də əsas təsir qüvvəsinə rus və erməni kommunistlər sahib idilər. O cümlədən partiyanın Bakı Şəhər Komitəsində əsasən ruslar və ermənilər üstünlük təşkil edirdilər, müsəlman kommunistlər isə rayon partiya komitələrində və dövlət idarələrində təmsil olunurdular. Totalitar sistemin milli kadrlara daim şübhə ilə yanaşması Azərbaycanda  da öz ifadəsini tapırdı. Bu üzdən hətta Kommunist Partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canılarını qurtara bilməmişlər.

1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri seçilmiş və aprel işğalından sonra ilk hökümətin tərkibinə daxil olmuş R. Axundov, Ə. Qarayev, S. M. Əfəndiyev, Q. Musabəyov, D. Bünyadzadə, M. D. Hüseynov və başqa keçmiş partiya rəhbərləri 1937-ci ildə xalqa xəyanətdə, əksinqilabi, cəsusluq fəaliyyətində təqsirləndirilərək güllələndilər.

 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulmuşdu. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də ulu öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi.

Elə bundan sonra həmin illərdə baş verən repressiyalar barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı.

 Repressiyalar haqqında vətəndaşlarımızın, xüsusilə gənclərimizin dəqiq və dolğun məlumatlar əldə etmələri baxımından ötən ilin mayında Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında  açılan “Siyasi repressiya qurbanları muzeyi”nin əhəmiyyəti də  çox böyükdür. Muzeyin DSX-nin inzibati binasında yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənmə yerləri bolşeviklərin siyasi məhbuslarla davranış metodları barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Buradakı insan maketləri, divara oyulmuş heykəllər, qaranlıq və ya yarı işıqlı otaqlar o qorxunc  dövrləri əks etdirir.  Elə bil  soyuq divarlara ağır işgəncələrə məruz qalan günahsız insanların fəryadı hopub. Kameralarda ümidsiz və bitkin halda ölümünü gözləyən zəncirə vurulmuş insan fiqurları diqqəti cəlb edir. İnsanlar buradan karsa aparılıb, orada danışmaları üçün müxtəlif işgəncələrə məruz qalıblar. Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar - Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanın hərbçiləri - generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.

 Xalqımızın tarixində ağrılı səhifə olan repressiya dövrü ilə bağlı həqiqətlər, tarixi faktlar ”Danışan sənədlər” adlanan lövhədə  öz əksini  tapıb. Lövhədə Azərbaycanda repressiyanı “qanuniləşdirən” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir: “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər.” Başqa bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərarıdır. Bu qərara əsasən, terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.  Məhkumların sayının çox olmasından bu cür məhkəmə proseslərini   rəhbər vəzifəli  şəxslərdən  təşkil edilmiş  “üçlüklər” aparırdı. “Xalq düşməni” elan edilən şəxsin təkcə özü deyil, yaxın adamları, dostları, qohumları da cinayət məsuliyyətinə cəlb edilir, ağır cəza tədbirlərinə məruz qalırdılar.

DSX-nin inzibati binasında fəaliyyət göstərən muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub. Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, onun sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb.

 Böyük dramaturq və şair Hüseyn Cavid barədə ayrıca  lövhədə təqdim edilən sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Bir başqa lövhədə şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur.

Keçmiş SSRİ-də təxminən 14 milyon insan 1929-cu ildən 1953-cü ilə qədər əmək düşərgələrində olub. 6-7 milyondan çox insan SSRİ-nin uzaq ərazilərinə sürgün olunub. Tarixi məlumatlara görə, 1953-cü ilin əvvəlində məhbusların ümumi sayı 2.4 milyondan çox idi.Bunların 465.000 nəfəri, siyasi məhbus olub. Sovet siyasi ritorikasında "təmizləmə" sözü partiya sıralarından xaric edilmənin bir ifadəsi idi. Lakin 1936-cı ildən 1953-cü ilə qədər bu termin anlamını dəyişdirdi, çünki partiyadan qovulmaq güllələnmə, ən yaxşı halda isə uzunmüddətli həbs demək idi. Bu dövr haqqında çoxlu tədqiqatlar aparılsa da   repressiya qurbanlarının sayı  hələ də dəqiq müəyyənləşməyib. 1929-1934-cü illər dövrünə aid arxiv məlumatları mövcud deyil. Bəzi müstəqil hesablamalara görə, 1929-1953-cü illərdə 1.6 milyon insan öldürülüb, lakin öldürülənlərin 10 milyona qədər olduğu da ehtimal edilir.

Azərbaycanda ümumilikdə 1950-ci illərin əvvəllərindək 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi yer ayrılıb. Müvafiq stenddə yerləşdirilmiş sənədlər SSRİ-nin xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsini dəstəkləyən siyasətini, habelə Ermənistandakı azərbaycanlıların vəziyyətinə lazımi diqqətin olmadığını, sonradan azərbaycanlıların doğma yurdlarından deportasiyasını nümayiş etdirir.

N. Muğanlı, “İki sahil”