14 fevral 2019 11:27
1217

Teatr sistemində islahat vacibdir

Çağdaş dövr teatr sənətinin yeni mərhələyə qədəm qoyması, tam başqa qiyafədə, başqa donda, başqa cilddə, başqa maskada yaradıcılıq yoluna daxil olması, tam fərqli mexanizmlə çalışması üçün vacib olan islahatların aparılmasına ciddi ehtiyac duyulmaqdadır. Bunun üçün islahatların mənfəəti barədə çox geniş və dinamik təbliğat işlərinə start verməyin zamanı yetişmişdir. Yeni mexanizmlə çalışacaq olan teatr sənətinin nəzərdə tutulan mexanizminin mahiyyət və səmərəsinin elmi və praktiki  reallığı barədə cəmiyyəti inandıra bilmək üçün sənətşünaslarımızın, xüsusən də teatrşünaslarımızın iştirakı ilə geniş maarifləndirmə işlərinin aparılmalı olduğunun önə çəkilməsi vacibliyini dəyərləndirməliyik. Bu fikirləri söyləyərkən, 1998-2000-ci illərdə Tbilisi Azərbaycan Teatrının bərpa rəhbərliyinə başladığımız günlərdə, başlanğıcda görülən işlərin verdiyi səmərəni yada salmaq istəyirəm. İlk olaraq fəaliyyətimizə, Mədəniyyət Nazirliyinin böyük dəstəyi ilə Akademik Milli Dram Teatrının müqtədir sənətkarlarının Gürcüstanda, soydaşlarımızın sıx yaşadıqları bölgələrdə kənd-kənd, rayon-rayon gəzərək, təmənnasız tamaşalar göstərərək təbliğat işləri aparmaqla başladıq. Orada uzun illər unutdurulmağa çalışılmış teatr sənətinə olan marağı yenidən oyatmağa başladıq və teatr mühitinin canlanmasına xidmət edən bu addımın öz səmərəsini verdiyinin şahidinə çevrildik. Biz 1991-ci ildə təsis etdiyimiz Azərbaycan Milli Dastan Teatrının fəaliyyət prinsiplərini müəyyənləşdirərkən, teatrın çətinliklərə məruz qalmaması üçün, ilk növbədə onun özünümaliyyələşdirmə prinsipi ilə çalışmasına üstünlük verdik. Teatrın iqtisadi bazasını yaradaraq, səmərəli nəticə əldə etdik. Zamanında cəmiyyətin qəbul etmədiyi bəzi üsullardan istifadə etdik. Həmin üsullardan sonralar başqa sahələrdə də istifadə olunduğunun şahidinə çevrildik. Qəbul olunmuş bir həqiqət var ki, hər bir fövqəlyenilik, novatorluq, gözqamaşdırıcı təsiri bağışlayan qeyri-adilik ilk baxışdan cəmiyyət tərəfindən qəbulolunmazlıq damğası ilə yarğılanır. Buna bir çox misallar gətirmək olar, lakin bir tək, Yer kürəsinin öz oxu ətrafında fırlandığını bəyan edən və bütün cəmiyyət tərəfindən lənətlənən, lakin ən sonda onun qələbəsi ilə nəticələnən Q.Qalileyin timsalında deyilən fikir öz təsdiqini tam şəkildə tapır.

Belə amilləri nəzərə alaraq anlamalıyıq ki, haqqında söz açdığımız 1991-ci ildə yararlandığımız, hazırda bizə görə köhnəlmiş, lakin teatr cameəsi üçün çox yeni görünəcək olan, hətta bəlkə də ilk zamanlar çətinliklə qəbul olunacaq həmin üsullardan bu gün istifadə etməyin tam zamanıdır. 

Həyat hadisələrinin bədii təcəssümünü olduğundan daha poetik məzmunla özündə canlandırmaqla cəmiyyəti özünə sehrlə cəlb edən və cəmiyyəti öz sehrində tilsimləmək üçün bədii yalanla öz ecazkar qüdrəti hesabına asanlıqla aldada bilən, yəni qeyri-adi ustalıqla özünə inandıran, qırılmaz tellərlə bağlayan, tamaşaçıların qəlbində müstəsna yer tutan teatr sənəti, öz əfsunu vasitəsi ilə tamaşaçıları harmonik avazla öz arxasınca apara bilən unikal canlı mexanizmdir... Teatrın ecazkar qüvvəsi o qədər güclü və cazibədardır ki, onun təlqin etdiyi hər bir əhvalat, hadisə hər kəsi inandıra bilir. Lakin sənətin ecazkar qüdrəti zəifləyərkən, heç kəs onun bədii yalanına inanmır, aldanmır və ona aludə olmur, bununla da cəmiyyət teatr sənətinə arxa çevirir, teatr sənəti isə huşunu itirir, ayılarkən özünü uçurumun dibində tapır. Hazırkı vaxtda biz teatr xadimləri öz müqəddəs bədii “yalanlarımızla”, oyun, əyləncə, fəlsəfi təsiretmə imkanlarımızın o qədər boş bir dövrünü yaşayırıq ki, sevimli tamaşaçılarımızdan daha çox özümüz özümüzü aldadırıq.

XXI əsrin birinci yarısının ortalarını haqladığımız bir zamanda hələ də teatr sənətinin tez-tez tənginəfəs olduğunu, yaşamaq üçün mücadilə apardığını görməkdə və ya görərək gözardına vurmaqda suçlu olan bizlər, zorla nəfəs alan teatr sənətinə yalnız əyləndirmə və düşündürmə sahəsi kimi baxmağın yanlış olduğunu həyəcanla müzakirə müstəvisinə gətirməyə sanki zorlanırıq. Bununla da bu sənətin ictimai-siyasi, elmi-fəlsəfi mahiyyəti ilə yanaşı yer ala bilən iqtisadi anlamını kiçildirik. Halbuki cəmiyyətdən hər zaman yüksəkdə dayanan səhnənin və onun yaradıcılarının qeyri-adi fərqliliyini, cəmiyyətin formalaşması istiqamətində mühüm mövqeyə malik olan teatr sənətinin böyük bir silahlı ordunun görə bilməyəcəyi gücə malik olduğunu dəyərləndirməklə bu sənət növünün nə qədər qiymətli olduğunu əyani şəkildə öz yerinə yüksəltmiş ola biləcəyimizi dərk etməyin çoxdan zamanının yetişdiyini bilməli və bunu ətrafa sübut etməliyik. Bu danılmaz bir həqiqətdir ki, hər bir insanın içində sənət xadimlərinə intəhasız həsəd yaşayır. Teatr sənətinin də gücü məhz belə meyarlardadır. Belə meyarlardan yararlanmamaq isə fəhmsizlikdir.

Bu anda uzaq əsrlərdən boy verən bir nümunəyə diqqət yetirmək üçün haşiyəyə çıxmaq yerinə düşür. Bildiyimiz kimi U.Şekspirin “Hamlet” əsəri müəllifin şah əsəri hesab olunur. Halbuki onun digər əsərləri də mövzu etibarı ilə, bədii səviyyəsinə görə və səhnəqrafik tələblər cəhətdən mükəmməldir. O zaman sual doğur, nə üçün “Hamlet”?.. Nə üçün “Hamlet” dünya teatrlarının səhnəsindən heç vaxt düşmür, əksinə səhnəsində “Hamlet” əsəri oynanılmayan teatrın yaradıcılıq səviyyəsi zəif hesab olunur? Bütün bu sualların tək bir  cavabı var. “Hamlet” əsəri bütün cəhətlərinə görə yüksək standartların tələblərinə cavab verməklə yanaşı, fərqli bir cəhəti ilə üstünlük təşkil edir. Bu da odur ki, səhnənin ən çox tələb etdiyi və tamaşaçının ən çox arzusunda olduğu kəskin dramatizm, gözlənilməzlik, əsrarəngizlik, sirr, sehr, əfsun, mistik qüdrət bu əsərdə qaynar həddədir. Şekspirin, oyun içində qurduğu oyun həm əsərin dramatizmini bədii cəhətdən yüksəldir, həm konfliktləri son dərəcə kəskin vəziyyətə çatdırır, bununla da tamaşaçıları gözlənilməz şaşqınlıqla heyrətləndirir və tilsimli cazibə qüvvəsi ilə ovsunlayır. Şekspirin  əyləncə içində qurduğu əyləncə, tamaşa içində yaratdığı tamaşa və baş qəhrəmanını, hadisələrin açılması üçün teatr priyomundan istifadə etdirməsi, məhz bu üsulla caniləri tələyə salması, bütün bunlar Şekspirin teatr sənətinin ecazkarlığına verdiyi üstünlükdür və göründüyü kimi məhz ona görə də əsrlərdir ki, bu əsər öz tamaşaçısının maraq dairəsində yaşayır. Heç vaxt diqqətdən düşmür. Bütün bunlar bizə əsas verir düşünək ki, tamaşa içində yaradılan tamaşa bir halda ki, öz seyirçisini özünə bu qədər bağlaya bilir və daima cəzb edir, o zaman biz nə üçün fəaliyyətimizin mexanizmində bu üsuldan istifadə etmirik? Nə üçün teatr içində teatr yaratmırıq, daha doğrusu, teatrın fəaliyyətini teatrallaşdırılmış üsullarla hərəkətə gətirmək haqqında düşünmürük?..

İnanıram ki, teatrların sərbəst iqtisadi bazası olsa, (bu mütləq olmalıdır və yol o səmtə doğru gedir deyə, mütləq olacaqdır!) bu sənət daha uzunömürlü olar və həm də zəngin yaşamaqla, istənilən səviyyədə sənət nümunələri yarada bilər. İqtisadi cəhətdən güclü olan teatrın yaradıcılıq qüdrətinin sürətlə artmasına heç vaxt şübhə etmək olmaz! Baxın, bu günün reallığının əsas tələbi budur - güclü iqtisadi bazanın yaranması. Sual doğa bilər, hansı yolla? Bunun üçün bazar iqtisadiyyatı dövrü adlandırdığımız zəmanəmizdə bir qismi barədə yuxarıda məlumat verdiyimiz kimi, çox sadə və asan yollar mövcuddur. Sadəcə olaraq bu yolları görmək, həmin yollara işıq tutmaq və sahmana salmaq üçün çalışmaq lazımdır. Çalışmaq üçün isə mütləq şəkildə can yanğısı gərəkdir. Bir nəticə əldə etmək üçünsə, mütləq bir yerdən başlamaq şərtdir. Əks təqdirdə bu sənət, ən yaxşı halda gözlərimiz önündə dilənçi kökünə düşəcək, açdığımız ovuclara isə ən sonda heç kəs yön çevirib baxmaq belə istəməyəcəkdir. O zaman bu qədər mütəxəssis əhatəsində Azərbaycan Teatr Sənəti öz ömrünə və sevimli tamaşaçılarına vida etmək zorunda qalacaqdır. Bir halda ki, teatrların iqtisadi bazasının qurulması və möhkəmləndirilməsi üçün münbit şərait vardır, nə üçün bu şəraitdən istifadə etməməliyik? Zamanın və günün reallığının tələbləri budur ki, imkan dairəsində dövlət büdcəsini israf etməyə deyil, əksinə dövlət büdcəsinin möhkəmləndirilməsinə çalışmaq lazımdır.

Mən bütün həmkarlarımı həyəcan siqnalı ilə teatr reformasına qoşulmağa, öz bilik və bacarıqlarını əsirgəməməyə, həyatımızı sərf etdiyimiz doğma sənətimizi asılılıqdan xilas etməyə və uzunömürlü olmasına çalışmağa dəvət edirəm.

İftixar Piriyev,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi,
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru