03 dekabr 2020 13:16
485

Təbiətə qarşı müharibə aparmaq intihar etməyə bərabərdir

Planetimiz təhlükədədir: bəşəriyyət faktiki olaraq təbiətə qarşı müharibə aparır.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu fikri Kolumbiya Universiteti tərəfindən təşkil edilmiş “Planetin vəziyyəti” mövzusunda onlayn-konfransdakı çıxışında söyləyib.

Baş katib deyib: “Ətraf mühitə bu dərəcədə məsuliyyətsiz münasibət intihar etməyə bərabərdir. Təbiət həmişə cavab zərbəsi endirir, özü də bunu daha artıq qüvvə və qəzəblə həyata keçirir”.

A.Quterreşin sözlərinə görə, iqlim dəyişmələrinə qarşı mübarizə XXI əsrdə bəşəriyyətin prioritet vəzifəsi olmalıdır.

Baş katib planetimizdə baş verən hadisələrin pessimist mənzərəsini təsvir edib: bioloji müxtəliflik məhv edilir; canlı orqanizmlərin bir milyona yaxın növü məhv olmaq təhlükəsi qarşısındadır; bütöv ekosistemlər gözümüzün qabağında dağılır; hər il on milyon hektara qədər meşə sahəsini itiririk. Dünya okeanı plastik maddə tullantıları içində məhv olmaq həddindədir. Mərcan rifləri rəngini itirir və məhv olur. Havanın və suyun çirklənməsi nəticəsində hər il 9 milyona qədər insan dünyasını dəyişir. Bu, koronavirus pandemiyası ilə bağlı itkilərin indiki səviyyəsindən 6 dəfə çoxdur.

Tez-tez baş verən daşqınlar, qasırğalar, quraqlıq və yanğınlar açıq-aşkar göstərir ki, iqlim dəyişmələri bütün bəşəriyyət üçün təhlükədir və bu təhlükənin qarşısını dərhal almaq lazımdır.

COVİD-19 pandemiyası atmosferə tullantıların həcmini və havanın çirklənmə dərəcəsini müvəqqəti azaldıb, lakın karbon qazının səviyyəsi hələ də rekord dərəcədə yüksəkdir və artmaqda davam edir. İqlimlə bağlı qlobal təşəbbüslər hələlik hiss olunacaq nəticələr verməyib. Hazırda istixana qazları tullantılarının həcmi 1990-cı ildə iqlimə dair beynəlxalq danışıqlar başlanan vaxtla müqayisədə 62 faiz çoxdur.

Antonio Quterreş deyib: “Bəşəriyyətin təbiətlə münasibətlərinin xarakterini əsaslı şəkildə dəyişməyin vaxtı çatıb. Biz bu məsələ üzərində birgə işləməliyik, çünki bizi yalnız həmrəylik xilas edə bilər. Qoy bu həqiqəti anlamağımız bizim üçün 2020-ci ilin əsas ibrət dərsi olsun”.