07 noyabr 2019 15:53
63

Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Noyabrın 7-də Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında və Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb.

Ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışan Ceyhun Bayramov şahmat üzrə Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək Azərbaycana bürünc medal qazandıran qadınlardan ibarət milli yığmanın üzvləri Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Türkan Məmmədyarovanı, karate üzrə dünya çempionatının gümüş medalçısı Hüseyn Məmmədli və bürünc medalçısı Hüseyn Hüseynzadəni təbrik edib.

Təhsil naziri  Ceyhun Bayramov idmançıların əldə etdiyi bu uğurların davamlı olacağına əminliyini bildirib.

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.