15 mart 2019 19:36
1016

Təhsil nazirinin müavini Bişkek şəhərində səfərdədir

Azərbaycanın təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanda səfərdədir.

Təhsil Nazirliyindən bildiriblər ki, səfərdə məqsəd martın 14-dən 15-dək Bişkek şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin V iclasında iştirak etməkdir.

İclasda Qırğız Respublikasının təhsil və elm naziri Gulmira Kudaiberdiyeva, Türkiyənin milli təhsil nazirinin müavini Mustafa Safran, Qazaxıstanın təhsil və elm nazirinin müavini Rüstəm Bigari və Türk Akademiyasının prezidenti Darkhan Kydyrali iştirak ediblər. Macarıstanın İnsan Resursları Nazirliyinin təhsil üzrə dövlət katibi Jozsef Bodisin iclasa müşahidəçi qismində qatılıb.

İclasda Türk Universitetləri Birliyinin fəaliyyəti, o cümlədən bu qurumun “Orxun” mübadilə proqramı, universitetlərin 2-ci idman yarışları, yeni universitetlərin birliyə qəbulu və Macarıstan hökuməti tərəfindən təqdim edilən təqaüd proqramları, eləcə də Türk Şurasına üzv dövlətlərin məktəblilərinin 3-cü mübadilə proqramının həyata keçirilməsi və orta məktəblər arasında “Qardaşlaşmış məktəblər” layihəsinə dair məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğunu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyini vurğulayıb. M.Vəliyeva deyib ki, bunun əsas səbəbi üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olmasıdır. TDƏŞ çərçivəsində həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını ifadə edib.

Nazir müavini səfər çərçivəsində martın 15-də Bişkekdə keçirilən Türk Akademiyası Elmi Şurasının II iclasında iştirak edib. 2014-cü il noyabrın 28-də təhsil nazirlərinin Bakı görüşündə “Türk Akademiyasının Elmi Şurası”nın yaradılmasına dair qəbul edilmiş qərara əsasən, Elmi Şuranın üzvləri üzv ölkələrin təhsil nazirləridir. Elmi Şuranın iclasında ortaq türk tarixi, coğrafiyası və ədəbiyyat dərslikləri, “Türk dünyasının 100 dahi insanı” və “Türk dünyasının müqəddəs torpaqları” layihələri, eyni zamanda, 2019-cu ildə türk dünyası təhsili üçün önəmli olan hadisələrin qeyd edilməsi məsələləri müzakirə olunub.

TDƏŞ-ə üzv dövlətlərin təhsil nazirlərinin VI iclasının əlifba sırasına uyğun olaraq 2020-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulub.