30 yanvar 2019 10:56
268

Təhsildə aşkarlıq, şəffaflıq və obyektivlik amilləri

Artıq 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası başa çatmaq üzrədir. İmtahan sessiyasını izləmək üçün yanvarın əvvəlindən silsilə mediaturlar keçirilib. KİV nümayəndələrinin, təhsil ekspertlərinin iştirakı ilə paytaxtın bir çox ali təhsil müəssisələrinə mediaturlar təşkil olunub.

Mediaturlar haqqında iştirakçı ekspertlərin fikirləri də müsbətdir. Onlar təhsil sahəsində atılan bu mühüm addımı indiki və gələcək dövr üçün çox əhəmiyyətli hesab edirlər. Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, tələbələrin fiziki və mənəvi sıxıntılardan azad edilməsi, tədris ilə bağlı və xüsusilə də imtahan prosesində onların psixoloji gərginliklərə, digər sarsıntılara məruz qalmalarının qarşısının alınması əsas şərtdir. Tələbələrin özlərini təhsil prosesinin bərabərhüquqlu subyektləri kimi hiss etmələrinə xidmət edə biləcək müəyyən addımlar atılır, onlarda özünəinam, özünəgüvən hisslərinin formalaşması üçün müvafiq şərait yaradılıb: “Ölkə başçısı tərəfindən təsdiq edilmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən QHT, KİV və ictimaiyyət nümayəndələrinin ali təhsil müəssisələrində imtahan prosesini izləmək imkanı əldə etmələri, tələbələri maraqlandıran sualları dinləmələri və cavablandırmaları üçün demək olar ki, hər cür şərait yaradılıb. Universitetlərdə yaradılan İctimai Nəzarət şuralarının üzvü və bir çox imtahanların bilavasitə iştirakçısı kimi hesab edirəm ki, aşkarlıq və şəffaflıq istiqamətində valideyn və tələbənin xeyrinə edilən istənilən yenilik, istənilən dəyişiklik təhsilimizin inkişafi və daha da tərəqqisi yolunda atılan növbəti addımdır.”

Təhsil eksperti Kamran Əsədov isə sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında qeyd etdi ki, qatıldığım monitorinqlərdə imtahanlar test, yazılı və bəzi ixtisaslardan (memarlıq və dizayn) qabiliyyət üzrə təşkil olunub: “Mənə verilən məlumatlardan məlum olur ki, müəllimlər imtahanqabağı konsultasiyalar təşkil edir, aydın olmayan suallar üzərində tələbələrlə birgə işləyirlər. Diplomçular üçün “diplom otaqları” yaradılıb, burada da tələbələrlə diplom rəhbərləri birgə diplom işinin üzərində çalışırlar. İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə Apellyasiya qərargahı fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələr qərargaha müraciət edib məsələni aydınlaşdırır. Eyni zamanda imtahan sessiyası zamanı universitetlərin İKT şöbəsi onlayn müraciət etmək üçün tələbələrə imkan yaradır, onlar birbaşa rektora müraciət edib şikayətini, narazılığnı bildirirlər.”

Ekspert mediaturların təşkil olunmasını ali təhsil müəssisələrinin əlçatımlılığı, əhatə dairəsinin genişləndirilməsi və ictimai nüfuzun artırılması baxımından çox dəyərli addım hesab edir: “Ali təhsil müəssisəsində imtahanlar müasir tələblərə cavab verən formatda təşkil olunur ki, bu da universitetlərin müasir çağırışlara cavab verməsi deməkdir. Müşahidə apardığım universitetlərdə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilini, imtahanların gedişinə nəzarəti, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə operativ qərargah, münaqişə komissiyası, eyni zamanda, “qaynar xətt” yaradılıb. Mənə verilən məlumata görə universitetlərdə qərargahın yaradılmasının məqsədi imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.”

“İmtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılması təhsilin, xüsusilə də ali təhsilin inkişafı üçün mühüm addımdır. Maraqlı məqamlardan biri də budur ki, imtahandan sonra yoxlama prosesində tələbə-müəllim münasibətləri demək olar ki, bütün universitetlərdə tənzimlənir. İmtahana düşəcək suallar öncədən tələbələrə təqdim olunur və çətin olan suallarla bağlı fənni tədris edən müəllimlər konsultasiya təşkil edir”- deyə, Kamran Əsədov bildirdi.

Yaqut Aslanova, “İki sahil”