13 avqust 2020 20:10
1522

Təhsilin inkişafında məktəblərin rolu əvəzsizdir  

Təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra təhsilin əsas yer tuması səbəbsiz deyil. Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, təhsilin-elmin-iqtisadiyyatın birliyinin  yaradılması ölkənin davamlı inkişafında əsas rol oynayır.  Təhsilin inkişafında məktəblərin rolu inkaredilməzdir. Bu mühüm məqamı öndə saxlayan cənab İlham Əliyev məktəb tikintisinə və yenidən bərpa olunmasına, həmçinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Hər yeni tədris ilinin  başlanmasın onlarla təhsil müəssisəsinin açılışı ilə yadda qalır. Bu gün məktəblərin əsas prinsipi «hər şagirdə bir kompyuter»dir ki, bu da  məktəblilərin müasir dövrün yeniliklərini daha dərindən mənimsəmələrinə geniş imkanlar açır. Yeri gəlmişkən qeyd edək ki, pandemiya dövründə  şagirdlərin distant təhsildən bəhrələnmələri də bu günə qədər mənimsədikləri yeni texnologiyalar barədə biliklərə əsaslanır.

Təhsilin inkişafında Heydər Əliyev Fondunun xidmətləri də inkaredilməzdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində iki mindən artıq yeni məktəb tikilib istifadəyə verilib. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi regional inkişaf proqramları çərçivəsində respublikamızın bütün bölgələrində, hər bir kənd və qəsəbəsində  həyata keçirilən sosial infrastruktur layihələri çərçivəsində məktəb titkintisi həyata keçirilir,  onların maddi-texniki bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilir. Regionlar arasında aparılan sağlam rəqabət məktəb tikintisində də özünü qabarıq şəkildə büruzə verir.

Azərbaycanda artıq modul tipli məktəblərin quraşdırılması prosesinə başlanılıb. Təhsil Nazirliyi  modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb. Nazirlikdən verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq. Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur. Onu da qeyd edək ki, ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Lakin bir ənənəvi məktəbin quraşdırılmasına lazım olan vəsaitlə 10-a yaxın modul tipli məktəbin quraşdırılması mümkündür.

Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha rahatdır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli quruluş əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Şagird sayı sıx olan, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tipli məktəblərlə əvəz ediləcək.

Modul tipli məktəblər regionlar üçün daha əlverişlidir. Buna görə də bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Modul tipli məktəblərin quraşdırılması cəmi 1 ay 15 gün çəkir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər. Modul tipli məktəblərin inşasında yerli tikinti materiallarından istifadə olunur. Şagird sayı 100 nəfərdən aşağı olan 232 məktəb müəyyən edilib. Həmin məktəblər modul tipli məktəblərlə əvəzlənir. Bu məktəblər quraşdırılarkən bölgənin coğrafi relyefi nəzərə alınır. İlin sonunadək 44 rayon əhatə olunmaqla 100 modul tipli məktəbin istifadəyə verilməsi planlaşdırılıb.

Göründüyü kimi, dövlətimizin başçısı İlham Əliyevin «neft  kapitalını insan kapitalına çevirək» tezisi əsasında həyata keçirilən addımlar davamlılığı ilə diqqət çəkir. Onu da qeyd edək ki, ölkəmizdə savadlılığın səviyyəsi 100 faizdir.

Röya Rasimqızı, “İki sahil”