29 iyul 2020 17:47
271

Təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır

Təhsil inkişafın təməl daşıdır. İnkişaf etmiş ölkələrin əldə etdikləri nailiyyətlərin, qazandıqları uğurların yollarını, səbəblərini təhlil etdikdə görürük ki, təhsil aparıcı rola malikdir. Bu səbəbdən ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərir. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli Liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu Öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. Bu gün inkişaf etmiş dövlətin qurulması üçün birinci amilin yüksək təhsil səviyyəsinin olduğunu əsas götürən ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, bu sfera bütövlükdə kompleks şəkildə inkişaf edir.

Dövlət başçısı tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına səbəb olub. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

Prezident İlham Əliyevin iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vurğuladığı kimi, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib: "Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz". Dövlət başçısı dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsinin də yaxın iki il ərzində başa çatacağını bildirib. “Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır” deyən cənab Prezident burada əsas məsələlərdən birinin müəllimlərin peşəkarlığı olduğunu diqqətə çatdırıb: "Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər".

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə təhsilalanlar həm respublika olimpiadalarında, həm də beynəlxalq olimpiadalarda iştirak edərək uğurlar qazanıblar. Həyata keçirilən tədbirlər şagirdlərin elmi biliklərə olan marağını daha da artırır. Təkcə 2019-2020-ci tədris ilində Azərbaycan məktəbliləri ümumilikdə 29 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 15 gümüş, 15 bürünc və 4 qızıl medal əldə ediblər. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı gənclərinin xaricdə təhsil almalarına yollar açmış oldu. Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən, ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi və s. müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınıb.

Görünən odur ki, ölkəmizdə aparılan islahatlar təhsillə bağlı cəmiyyətimizi narahat edən məsələlərin həllinə imkan yaradır, milli təhsilimizin keyfiyyətini müasir tələblər səviyyəsinə çatdırır.

Nigar Orucova, “İki sahil”