28 yanvar 2021 12:21
1512

Tələbat yoxsa tənbəllik: Yeməkdən sonra niyə yatmaq istəyirik?

Yeməkdən sonra çox vaxt insanın yuxusu gəlir, acınacaqlısı isə odur ki, bu, bizim işdə və ya evdə olmağımıza baxmır. Yaponiyada ofislərdə insanların dincəlməsi üçün yerlər var. Təəssüf ki, bir çox digər ölkələrdə belə şərait yoxdur. Bəs niyə bu baş verir? Belə halda nə edə bilərik?

Yeməkdən sonra yuxunun gəlməsi demək olar ki, bütün canlılara xasdır.

Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, mədəmiz qida qəbul etdikdən sonra onu emal etməyə başlayır. Bu prosesi enerji ilə təmin etmək üçün mədəyə qan axını güclənir. Bədəndə qanın yenidən bölüşdürülməsi baş verir və beyin qandan gələn oksigenlə daha az təmin olunur. Yeməkdən sonra bu səbəbdən yuxululuq olur.

Ancaq bu yaxınlarda daha fərqli iddialar ortaya çıxdı. Mançester Universitetinin elm adamları yeməkdən sonra gümrahlığı qoruyan beyin hüceyrələrinin fəaliyyətinin azaldığını tapdılar. Bundan əlavə, reaksiya sürəti də azalır, düşünmə prosesi zəifləyir. Bütün bunlar sinir impulslarının ötürülməsində narahatlıqlara səbəb olan qlükoza səviyyəsinin qanda artmasının nəticəsidir. Diqqət hormonu olan oreksini sintez edən hüceyrələr sadəcə siqnal verməyi dayandırır.

 Yemək yediniz? Dincəlin!

 İnsan ac olarsa, bu prosesin tam əksi baş verir. Gümrahlıq yaradan hormonların səviyyəsi qlükoza aşağı olduqda kəskin şəkildə artır və insan acdırsa, yemək yeməyincə yata bilmir. Buna görə də, mütəxəssislər yeməkdən dərhal sonra intellektual xarakterli bir işə başlamamağı məsləhət görürlər, çünki bu, demək olar ki, faydasızdır.

Gündüz yuxusu üçün ən uyğun vaxt, saat 14-dən 15-ə qədər hesab olunur. Məhz həmin saatlarda bədənin fasiləyə ehtiyacı yaranır. Hər gün belə fasilələr edə bilmirsinizsə, həftədə ən azı 2 dəfə etməyə çalışmalısınız. Bunun üçün çox vaxt lazım deyil, 20 və ya 40 dəqiqə kifayətdir ki, bədən özünü bərpa etsin. Bir saatdan çox yatmaq ümumiyyətlə tövsiyə edilmir. Bir saatlıq yuxudan sonra artıq orqanizm yuxu fazasına girməyə başlayır, bu da daxili ritmin pozulmasına gətirib çıxarır.

Nubar Süleymanova, “İki sahil”