08 fevral 2019 10:49
298

“Tələbədən tələbəyə” layihəsi: tədris prosesində yeni metod FOTO

Hər zaman təhsilin, elmin aliliyinə, müqəddəsliyinə, vacibliyinə dəyər verən Bakı Dövlət Universitetinin kollektivi təlim-tədris prosesində də tələbələrinə, gələcəyin mütəxəssislərinə bunu təbliğ etməyə çalışır. Bütün bu öyüd-nəsihətdən ibrət götürən tələbələrin sayı isə kifayət qədərdir. Elə onlara ən gözəl nümunə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri və məzunlarıdır.

Belə ki,  onların təşəbbüsü ilə  2014-cü ildən  ənənəvi olaraq  çox maraqlı, həvəsləndirici, maarifləndirici bir layihə həyata keçirilir. “Tələbədən tələbəyə” adlanan bu  layihənin əsas məqsədi jurnalistika ilə maraqlanan tələbələrin ilkin biliklərini formalaşdırmaq, jurnalistika fakültəsinin tələbələri üçün praktik işləmə və təcrübə qazanmaq imkanı yaratmaqdır.

Layihənin əsas ideya müəllifi isə Bakı Dövlət Universitetinin  Jurnalistikanın fakültəsinin dekan müavini  Könül Niftəliyevadır. Könül Niftəliyeva sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu layihə  6 mövsüm ərzində davam edib: “Təlimlərdə iştirakçılar onlayn xəbərçilik, redaktə, video, montaj, SMM ( Sosial Media Meneceri ), radio, televiziya, foto və data jurnalistikası ilə bağlı biliklərə yiyələnirlər. Layihəni digərlərindən fərqləndirən əsas cəhət isə təlimçilərin peşəkar jurnalistlərdən deyil, məhz təcrübəli tələbələrdən ibarət olmasıdır.”

Layihənin ən gözəl xüsusiyyətlərindən biri də bütün bunların təlim iştirakçıları üçün tam təmannasız edilməsidir. Layihə çərçivəsində təlimlər minimum 4 həftə ərzində keçirilir. Təlim müddətində qonaq qismində jurnalistika sahəsində işinin peşəkarı olan bir çox media nümayəndələri də iştirak edirlər. Sonda layihə rəhbəri, xüsusi dəvət olunmuş qonaqlar  təlimləri uğurla başa vuran iştirakçıları sertifikatlarla təltif edirlər. Bunu  da xüsusi olaraq qeyd etmək lazımdır ki, təlimdə iştirak etmək üçün hər kəs əvvəlcə layihənin elektron poçt ünvanına özü haqqında məlumat göndərməlidir. Sonradan həvəskar tələbələrin iştirakçı qismində seçilməsi üçün onlarla xüsusi müsahibələr keçirilir. Müsahibədə layihə rəhbəri Könül Niftəliyeva  və təlimçilər iştirak edirlər. Sonda səsvermə ilə uyğun tələbələr seçilir. Təsadüf, boşuna vaxt keçirmək, sertifikat almaq, formal xarakterli  məqsədlərlə müraciət edən tələbələr əsla bu təlimin iştirakçısı olmurlar.

“İki sahil” olaraq təlimçilərin “Tələbədən tələbəyə” layihəsi haqqında fikirlərini  öyrəndik.

İlk həmsöhbətimiz layihənin yarandığı gündən təlimlərində iştirak edən, motivasiya mövzusunda, necə deyərlər, əsas qəhrəmanlardan biri kimi tanınan İstanbul Universitetinin doktorantı Almaz Məmmədovadır. O qeyd edir ki, layihə rəhbəri başda olmaqla bizim bir əsas şüarımız var: “öyrətmirik, paylaşırıq”. Paylaşılanlar isə həmişə daha dəyərli olur: “Layihə tənəffüs vaxtı ortaya atılan ani fikirdən irəliləməyə başladı. Sonra 1-2 gün içərisində biz oz təlimlərimizə başladıq. Ona görə biz bizim üçün dəyərli olanı, yəni öyrəndiklərimizi, görüb götürdüklərimizi paylaşırıq. Biz maarifləndirmə işləri aparırıq. Bizimlə olan tələbələrə onu vəd edirik ki, bizim öyrəndiklərimizi onlar da öyrənəcək, bizim bildiklərimizi onlar da paylaşa biləcəklər.  Biz tanınmış şəxsləri, müəyyən sahələrdə öz sözlərini demiş insanlari dəvət edərək seminarlar təşkil edir və tələbələrə onlari dinləmək şəraiti yaradırıq. “Tələbədən tələbəyə” başda layihənin rəhbəri Könül Niftəliyeva olmaqla, sadəcə İdarə Heyətində olan tələbələrin öz təqaüdləri hesabına baş tutur. “

Anadolu Universitetinin doktorantı Maral Nəcəfli isə layihəni ilk gündən yaxından izləsə də, təlimçi olaraq  bu prosesə bir neçə mövsümdən sonra qatılıb. Onun  üçün  də “Tələbədən tələbəyə” adının çox qiymətli dəyəri var: “Tələbədən tələbəyə” layihəsinin gənclərə nələrisə vəd etdiyini düşünmürəm. Burada deyilmir ki, siz iştirakçı olsanız, qatılsanız peşəkar olacaqsınız,  hər şeyi biləcəksiniz. Xeyr. Onda bizim layihə bir növ dil kurslarının elanına bənzəyərdi. İştirakçıdan da, təlimçidən də çox şey asılıdır. Biz həmyaşıdlarımız üçün bu  fürsəti yaradırıq. Bundan səmərəli şəkildə istifadə etmək isə onların bacarığına, qabiliyyətinə qalır. Bizdə standart təlim mövzuları olmur. Yeniliyin, fərqliliyin, dəyişimin təmsilçiləri kimi çıxış edirik. Mübaliğəsiz deyə bilərəm ki, bu layihə tədris prosesində yeni bir  metodun əsasını qoydu. Layihənin fərqləndirici xüsusiyyəti isə odur ki, təlimlər sırf əzbərçilik, kitab cümlələri, testlər, nəzəriyyə üzərində qurulmur. Bizdə birbaşa praktika əsas götürülür. Düşünürəm ki, əsl qabilliyyət məhz bildiyini, öyrəndiyini tətbiq etdiyin zaman üzə çıxır.”

Səlcuk Universitetinin magistrantı Loğman Kamranlı  isə  bu layihəni təlim iştirakçıları üçün   işinin peşəkarı olmaq yolunda  atdığı ilk addım  hesab edir: “Əsas məqsədimiz tələbələrin mühazirələrdən, dərslərdən əlavə səmərəli vaxt keçirəcəkləri, ixtisaslarına dair praktik vərdişlərini artıracaqları və dünya görüşlərini genişləndirəcək bir müstəvidə bilgi mübadiləsi edəcəkləri bir mühitin onlar üçün yaradılmasıdır. Həm nəzəri, həm də praktiki cəhətdən tələbələr bildikləri, araşdırdıqları, öyrəndikləri məlumatları bir-birləri ilə bölüşürlər. Yaşıdlarından nələrisə öyrənmək, onları sual atəşinə tutmaq tələbələr üçün daha rahatdır. Beləliklə, layihə çərçivəsində biz, həmçinin debat qurmuş oluruq. Burada gənclər komplekslərindən azad olurlar. Gənclərin əylənərək öyrənmək istəyi gördüyümüz işin təməlidir. Əsasən praktika üzərində qurulmuş bu layihə dərslərdən əlavə bir vaxtda keçirilir və istənilən kursda təhsil alan tələbələr iştirak edə bilərlər. Həm iştirakçılarımız, həm də təlimçilərimiz tələbələrdir. Yuxarı kursda oxuyan və istehsalatda özünü təsdiqləmiş tələbələr öz bildiklərini aşağı kursda təhsil alan dostları ilə bölüşürlər. Elə “Tələbədən tələbəyə” layihəsinin şüarı da bu prinsiplə düşünülüb. “Biz öyrətmirik, bildiklərimizi paylaşırıq...”

Bakı Dövlət Universitetinin magistrantı Nurlan Ağa isə “Tələbədən tələbəyə” layihəsini təhsil məkanında özünəməxsus yer tutan, fərqli bir ideya hesab edir: “Mən bu layihənin ilk buraxılışının iştirakçısı və məzunu olmuşam və daha sonra da təlimçisi. Bilirsiniz, insan məzun olduğu yerdə təlimçi olduğu zaman böyüdüyünü anlayır. Bu imkanı yaratdığı üçün layihə rəhbəri Könül xanıma təşəkkür edirəm. “Tələbədən tələbəyə - 4” və “Tələbədən tələbəyə - 5” buraxılışlarında “Redaktə” və “Sosial media nəzəriyyəsi” üzrə təlimçi olmuşam. Layihənin məqsədi öyrətmək yox, bildiklərini bölüşmək və qarşılıqlı öyrənməkdir. Mən təlimlərimdə hər zaman “docendo discimus” ifadəsini işlədirdim, yəni öyrədərək öyrənmək. İştirakçı tələbələrin fərqli baxışları, düşüncələri özü də bizim üçün təcrübədir. Onların uğurları, bu məktəbdən qazandıqları isə, məncə, bizi xoşbəxt etməyə yetərlidir. Şəxsən, mən özüm ilk dəfə xəbər yazmağı bu təlimdə iştirakçı olduğum vaxt öyrənmişdim, halbuki II kursda oxuyurdum. Deməli, yeri gəldikdə “Tələbədən tələbəyə”nin təlimçilər jurnalistika tədrisi ilə məşğul olan əksər müəllimlərdən daha sadə dilli və peşəkar olurlar.”

Qeyd edək ki,  fevralın 7-də layinənin “Xaricdə təhsil” adlı seminarı keçirildi. Bakı Dövlət Universitetinin ikinci korpusunda baş tutanseminar spikerləri xaricdə təhsil alan Almaz Məmmədova, Maral Nəcəfli, Loğman Kamranlı idilər.  Spikerlər seminar iştirakçısı olan tələbələrin xaricdə təhsillə bağlı suallarını cavablandırdılar. Öz  təcrübələrini onlarla bölüşdülər. Qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirdilər.

Yaqut Ağaşahqızı, “İki sahil”