30 yanvar 2019 19:52
200

Təməl prinsiplərdən biri də sabitliyin qorunub saxlanılmasıdır

Azərbaycanın sosial-iqtisadi inkişafının təməl prinsiplərindən biri də sabitliyin qorunub saxlanılmasıdır ki, ölkəmiz məhz bu amil üzərində tərəqqi yolunu davam etdirməkdədir.

Bu barədə "Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkənin sabitliyinin qorunub saxlanılmasından, eləcə də xalqın rifah halının yaxşılaşdırılması yönündə atılan mütərəqqi addımlarından keçir ki, Azərbaycanda bu siyasət kifayət qədər öz əksini tapır:

"Bu ali mövqe ilə ölkəmiz daha böyük, daha uğurlu gələcəyə doğru inamla addımlamaqda davam edəcək. Əbəs deyil ki, cənab Prezident İlham Əliyev nitqində vurğuladı ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı artıqlaması ilə yerinə yetirildi, qarşıya qoyulan bütün vəzifələr icra olundu. Bu, həm də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, bundan öncə reallaşdırılan Dövlət proqramları dövründən başlayaraq, ölkəmiz dinamik inkişaf istiqamətində inamla irəliləməkdədir. Eyni zamanda, aparılan davamlı islahatlar, bu islahatlar nəticəsində əldə edilən uğurlar da sözügedən gerçəklikləri ehtiva etməkdədir. Bütün bunlar son 15 ildə Azərbaycan iqtisadiyyatının beynəlxalq arenada tutduğu ali mövqedən də görünməkdədir".

B.Quliyev qeyd edib ki, Azərbaycanın təşəbbüskar və ideyaverici olaraq təqdim etdiyi və müxtəlif sahələri əhatə edən layihələrdə söz sahibi qismində çıxış etməsi, eləcə də digər mühüm məsələlərdə yüksək mövqeyə sahib olması dinamik inkişafımıza stimul verir:

"Təkcə iqtisadiyyatda rekord göstəricilərə imza atılması bu reallığın tərkib hissəsidir. Digər sahələrdə də dinamik temp uğurla davam etdirilir. Bayaq da qeyd etdiyim kimi, əldə edilən hər bir uğurun təməlində sabitlik məsələsi dayanır və bu sabitliyin əldə saxlanılmasında daha bir reallıq xalq-iqtidar vəhdətinin olmasıdır. Bu vəhdət, ilk növbədə, dövlətə olan inamdan, etibardan irəli gələn məsələdir ki, Prezident İlham Əliyev cənabları əldə edilən iqtisadi uğurları xalqın sosial həyatına doğru yönəldir. Dövlət başçısı bütün çıxışlarında qeyd edib ki, onun üçün prioritet vəzifə insan amilidir və siyasətinin mühüm istiqamətlərindən biri də sosial siyasətə üstünlüyün verilməsidir".

Ekspertin fikrincə, ümumiyyətlə, hər bir siyasi rakurs bir-birinə bağlı olan uğur tandemlərindən qaynaqlanır ki, bunların hər biri Azərbaycan xalqının daha yaxşı yaşaması üçün vacib faktorlardandır: "Bu gün sual edə bilərik ki, bəs bu uğurları daha hansı amillərlə əsaslandıra bilərik? Baxın, təkcə son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə artıb. Eləcə də ötən müddət ərzində Azərbaycanın valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana 250 milyard dollar sərmayə qoyulub və bununla yanaşı, təqribən 2 milyon yeni iş yeri yaradılıb, 15 il ərzində maaşlar 7, pensiyalar isə 9 dəfə artıb. Bütün bunlar heç də asan başa gəlməyib və bu uğurların hər birində dövlət başçımızın böyük zəhməti, iradəsi və mütərəqqi siyasi baxışları dayanır. Digər rəqəmlərə də müraciət edə bilərik. Misal üçün, qeyd edilən faktlarla yanaşı, Azərbaycanda 15 il ərzində 3200-dən çox məktəb əsaslı təmir edilib və yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə isə 44 olimpiya mərkəzi yaradılıb, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb”.

B.Quliyev bildirib ki, Prezident İlham Əliyev öz nitqində Azərbaycanı sabitlik, təhlükəsizlik məkanı adlandırıb və bu bir reallıqdır ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi aparılan siyasətin xalq tərəfindən dəstəklənməsidir: "Bütün bunlar Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə ən böyük şəraiti, imkanları yaradır. İstər regional, istərsə də bütövlükdə geosiyasi xəritədə Azərbaycanın mövqeyi hər kəsə aydındır və bu ali mövqe ilə ölkəmiz daha böyük, daha uğurlu gələcəyə doğru inamla addımlamaqda davam edəcək. Əlbəttə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməklə”.