KÖŞƏ

Mənsumə Babayeva

Terrorçu dövlət indi də uşaqları silahlandırır

26 oktyabr 2020 17:42
1726

Fərarilik, özbaşınalıq, rüşvət verməklə və koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, həmçinin yaşlıların və uşaqların əsgər kimi döyüşlərə cəlb olunması, bir aydır ki, davam edən hərbi əməliyyatlar Ermənistan ordusunun acınacaqlı vəziyyətinin açıq şəkildə sübutudur. Hətta Ermənistan mediasında, sosial şəbəkələrdə yayılan informasiyalar göstərir ki, orduda canlı qüvvə baxımından kifayət qədər çatışmazlıqlar yaranıb. Cəbhədə gedən şiddətli döyüşlər zamanı düşmənin verdiyi itkilər, böyük ərazilərin, həmçinin strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistan əhalisində ciddi ruh düşkünlüyü yaradıb. Ermənistan hakimiyyətinin uydurduğu yalanlara inanmayan əhali müxtəlif yollarla övladlarının döyüşlərə cəlb olunmasının qarşısını alır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq növbəti cinayətə əl atıb. Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları cəlb edib. Son günlər bununla bağlı yayılan foto və videolar da onların əyani sübutudur. Belə ki, açıq şəkildə görmək mümkündür ki, erməni əsgərlər uşaqların əllərinə “Kalaşnikov” avtomatı verib, şəkil çəkdirirlər. Digər bir fotoda isə kiçik bir oğlan uşağı artilleriya qurğusunu işə salır, top atəşini həyata keçirir. Bu, bir daha Ermənistan ordusunda hərbçi sayının kəskin azalmasını, başlarını itirən erməni hərbi rəhbərliyinin qadın və qocalardan sonra bu dəfə kiçik uşaqları döyüşlərə cəlb etdiyini göstərir.

Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın (20 noyabr 1989-cu il) 38-ci maddəsini də kobud şəkildə pozub. Bu Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə dəvət edir. Ermənilərin bir daha beynəlxalq hüququ pozması faktı göz önündədir. 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edən beynəlxalq təşkilatlar ən qısa vaxtda bu problemə reaksiya verməli və ciddi etirazlarını bildirməlidir. Hətta İrəvana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir. Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn prinsiplərinə məqsədyönlü şəkildə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Uşaqların döyüşlərə cəlb olunması həm də Ermənistan ordusundakı ciddi problemlərdən xəbər verir.

Bu gün rəşadətli ordumuzun qarşısında tab gətirə bilməyən ermənilər müharibədən yayınmaq üçün min bir çıxış yolu axtarırlar. Onlardan biri də saxta yolla, rüşvət verməklə COVID-19 testini “pozitiv” kimi yazdırmaqdır. Görünür bu hal Ermənistanda kütləvi şəkildə çoxalıb. Bu da səbəbsiz deyil. Çünki bu tip arayış alanlar 14 gün karantində qala bilirlər. Bununla da bir müddət ordudan yayına bilirlər. Bu, bir daha göstərir ki, Azərbaycanın döyüş meydanında uğur əldə etməsi Ermənistan ordusunda ciddi qorxuya və psixoloji pozuntuya səbəb olub. Ağır itkiləri görən çağırışçılar orduya getməkdən boyun qaçırır, sadə əsgərlər isə ümumiyyətlə, döyüşlərə qatılmaqdan imtina edirlər.