13 noyabr 2019 16:22
763

“Tesla” Avropada ilk zavodunu Berlin yaxınlığında tikəcək

“Tesla” kompaniyası Avropadakı ilk zavodunu Almaniyanın paytaxtı yaxınlığında tikməyi planlaşdırır.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə Amerika avtomobil istehsalçısının rəhbəri İlon Mask özünün “Twitter” səhifəsində yazıb. Məlumata əsasən, yeni zavod Berlinin kənarında, tikilməkdə olan Villi Brandt adına beynəlxalq aeroportun yaxınlığında yerləşəcək. Burada kompakt “Tesla Model Y” krossoveri ilə yanaşı, “Tesla Model 3” sedanı da yığılacaq.

Zavodda təxminən 10 min yeni iş yerinin açılması gözlənilir. “Gigafactory 4” adı veriləcək müəssisə 2021-ci ildə fəaliyyətə başlayacaq.

Kompaniya hazırda ABŞ xaricində ilk zavodunu Şanxayda inşa edir. Gələn il burada “Tesla 3” modelinin yığılması planlaşdırılır. Kompaniya həmin müəssisədə il ərzində yığılan avtomobillərin sayını 500 minə çatdırmaq niyyətindədir.

2003-cü ildə İlon Mask tərəfindən əsası qoyulan kompaniyasının mənzil qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Əvvəlcə elektromobillərin istehsalı üzrə ixtisaslaşan “Tesla” sonradan günəş batareyaları və digər enerji toplama sistemləri hazırlamağa başlayıb.