21 mart 2020 21:29
503

Təxliyə prosesinin başlanıldığı gündən indiyədək İstanbuldan 1500-ə yaxın soydaşımız Azərbaycana göndərilib

Koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədən soydaşlarımızın Vətənə göndərilməsi ilə əlaqədar işlər davam etdirilir.

Bu barədə ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev AZƏRTAC-a bildirib.

Baş konsul deyib ki, İstanbul Hava Limanından həyata keçirilən növbəti çarter reysi vasitəsilə 248 soydaşımız Vətənə yola salınıb. Təxliyə prosesinin başladığı gündən indiyədək ümumilikdə təxminən 1490 soydaşımız İstanbuldan Azərbaycana göndərilib. Bu proses yalnız aviareyslər vasitəsilə deyil, avtobuslarla da həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə üç avtobus vasitəsilə 163 vətəndaşımız Vətənə göndərilib. Təxliyə olunan vətəndaşlar 14 gün müddətində karantində saxlanılacaq.

Baş konsul gün ərzində 200-300 vətəndaşın təxliyə ilə bağlı konsulluğun “Qaynar xətti”nə müraciət etdiyini və bu müraciətlər əsasında soydaşlarımızın təxliyə işlərinin ardıcıl olaraq aparıldığını qeyd edib.