15 iyul 2020 17:17
1171

Təxribatçılara qarşı ciddi mübarizə aparmaq milli birliyimizə ən böyük töhfədir

«2020-ci il iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.» Bu fikri YAP Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov «İki sahil»ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Bununla yanaşı, iyulun 14-də gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Biz hacıqabullular bu təxribatı sərt şəkildə qınayırıq və antimilli qrupların qanunla cəzalandırılmasını tələb edirik.

Sədr müavini vurğuladı ki, xalqımız öz şəhidini, vətən uğrunda canlarını qurban verən igid övladlarını daim uca tutmaqla bərabər, onların qanlarının yerdə qalmaması üçün milli birlik, milli həmrəylik nümayiş etdirdi. Ancaq təəssüflər olsun ki, bu ağır, həm də şərəfli günümüzdə xalqın birliyindən öz şəxsi və məkrli əməlləri üçün istifadə edənlər də oldu. Şəhidlərimizi hələ torpağa tapşırmamış, onların yaralı ruhlarını bir daha yaraladılar. Şəhidlərimizin müqəddəs xatirəsini yad etmək üçün toplaşmış vətəndaşlardan istifadə edərək məkrli planlarını işə salmaq istədilər ki, ölkədə qarışıqlıq, hərcmərclik yaransın. Bu əməli törədənlər satqın və xəyanətkarlardır.

İ. İbrahimov sonda vətəndaşlara  çağırış edərək deyib ki, Vətənimizin müdafiəyə ehtiyacı olan bu günlərdə Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməklə qəhrəmancasına döyüşən Azərbaycan  Ordusuna da dəstək vermiş olarıq. Bu gün hər birimiz  milli birliyimizi qorumaqla təxribatçılara qarşı ciddi mübarizə aparmalyıq. Dövlətimizin və ordumuzun güclənməsi, cəbhə xəttindəki zəfərlərimizin təməl daşı olan siyasi sabitliyi qorumaq hər  bir Azərbaycan vətəndaşının şərəf və vicdan borcudur.

E. Zaman, «İki sahil»