08 oktyabr 2019 20:07
134

Təyyarənin trapında sona çatan macəra...

Hərəkətləri ilə fransız komik aktyor Pyer Rişarın gicbəsər “qəhrəmanlarını” xatırladan  Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı özünü yenə də qəribə hərəkətləri ilə gülüş və istehza obyektinə çevirib.

Bu barədə Ermənistandakı “7or.am” internet portalı məlumat yayıb. “Nikolun Koçaryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz macəraları haqqında” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin söhbətin  predmeti  məlum olmadığına görə Rusiya Prezidentinin protokol xidməti görüşü gündəliyə daxil etmədi. Bu, baş naziri çaşqın vəziyyətə saldı.

Vurğulayaq ki, Vladimir  Putinin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu - onu aerportda qarşılamadı,  prezident kortejinin gəldiyi iqamətgahın qarşısına çıxmadı. Rusiya Prezidentinə  bu cür soyuq qarşılama mərasimi təşkil edən Paşinyan əvəzində onunla ikilikdə görüşməyə nail ola bilmədi. “Nəhayət, Paşinyan Putinlə ayrıca görüşə... restoranda nail oldu. Şam yeməyi zamanı o, Putindən ayrıca görüş xahiş etdi. Protokol xidmətinin əməkdaşları çox qısa zamanda iki ölkənin bayraqlarını gətirdilər  və “Dvin” otelində görüş təşkil etdilər, bu da Rusiya tərəfini əməlli-başlı təəcübləndirib şoka saldı”, - deyə portal yazır. Ancaq əsl həngamə hələ irəlidə idi...

Otelin restoranında baş tutan görüş zamanı iki ölkə başçıları bir neçə mövzuya toxundular. Onlardan birincisi Rusiyanın Ermənistana satdığı qazın qiyməti idi. Lakin Paşinyanın bu məsələ ilə bağlı sualını “Qazprom”un rəhbəri Aleksey Millerə yönəltdilər və  Nikola başa saldılar ki, qazın qiyməti dövlət başçıları səviyyəsində həll ediləcək məsələ deyil.

Dövlət başçıları Putinin təşəbbüsü ilə Ermənistanın eks-prezidenti Robert Koçaryanın taleyini də müzakirə ediblər.  Məqalədə deyilir ki, Putin birbaşa deyib ki, heç kim Koçaryana qarşı irəli sürülmüş ittihamlara və onun barəsində Ermənistan hakimiyyətinin versiyasına inanmır. Nikolun adamlarından bəziləri Koçaryanın azadlığa buraxılmasını hansısa formada qazın qiymətinin aşağı salınması ilə əlaqələndirməyə çalışıblar, amma buna sərt reaksiya verilib.

O da bildirilir ki, Nikol Paşinyan Putini  hökumətin  yaxınlıqdakı bağ evinə dəvət edib, amma bu dəvət rədd olunub. Nəhayət, Putin baş nazirə  bildirib ki,  Koçaryanın arvadı Bella Koçaryanla səfirlikdə görüş planlaşdırır.

Bunu gözləməyən Paşinyan  pərt olaraq görüşü gizlətmək məqsədilə əvvəlcə özünə yaxın dairələrdə görüşün olmadığı barədə xəbər yaydırıb. Sonra görüş faktını Koçaryanın və Putinin rəsmi nümayəndələri təsdiq edəndə başqa yol qalmayıb, belə xəbər yayıblar ki, görüş Bella Koçaryanın təşəbbüsü ilə olub və çox qısa çəkib.

Əslində isə görüş təşəbbüsü Rusiyadan gəlmişdi və bir neçə həftə əvvəl planlaşdırılmışdı. Üstəlik də Koçaryanın özü ilə görüş planlaşdırılmışdı.  Amma eks-prezidentin həbsdən buraxılması baş tutmayıb. Çünki Nikol  Paşinyan belə görüşün olacağını təxmin edərək Koçaryanın həbs müddətinin uzadılmasına nail olub. Nəticədə Putinlə Bella Koçaryan və oğlu Levon görüşəsi olublar. Nəşr yazır ki,  “İndiki halda mühüm mesaj Putinin keçmiş həmkarı və dostu ilə görüşüdür. Bu, özündə həm insani, həm siyasi mesaj əks etdirir”.

Nəhayət, Putinlə düz-əməlli söhbət edə bilməyən Nikol qərara alır ki, onu aeroportdan yola salsın. Paşinyanın korteji aeroporta gedən yolda Putinin kortejinin “quyruğunda” gedirdi. Ermənistan baş naziri nə düşünürsə qəflətən Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşub qəza törənməsinə şərait yaradacaqdı. Ancaq qəza təhlükəsi sovuşur.

Nəhayət, bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. “Zvartnots” aeroportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşməyi təklif edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyak butulkasını tək boşaldır və başı “dumanlanır”, öz hərəkətlərinə nəzarəti itirir. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını  və az qala ağlamasını da məhz içkinin təsiri ilə izah edirlər... Beləliklə, Nikolun qəribə macəralarından biri təyyarənin trapında sona çatdı.

İrəvanda artıq hamı başa düşüb ki,  Prezident Putin bu səfərindəki jestləri ilə Paşinyana anladıb ki, burada ağa mənəm, Nikol, sən isə heç kimsən. Bununla da Ermənistanın baş naziri yenidən öz “rinqində” ağır zərbə alaraq nokautdan yaxa qurtara bilmədi.

Vəli İlyasov, “İki sahil”