13 iyul 2019 16:43
115

The Guardian: Audiokitab mütaliənin gələcəyidir

Britaniyanın The Guardian qəzetinin məqaləsində bildirilir ki, son illər insanlar çap materiallarının – kitabların və qəzet-jurnalların yerinə audiokitablardan istifadəyə daha çox üstünlük verirlər. Texnoloji nailiyyətin təklif etdiyi bu yeniliyin üstünlüyü isə istifadəçiyə eyni vaxtda mətni oxumaq və onun səslənməsinə qulaq asmaq imkanı verməsidir.

Məqalədə qeyd olunur ki, 2018-ci ildə audiokitabların satışı 43 faiz artıb, çap məhsulu olan kitablarda isə son beş ildə bu rəqəm 5 faiz azalıb. Alimlər bildirirlər ki, bəzi yaşlı insanlar texnologiyanın yeni nailiyyətini tam şəkildə qəbul etməsələr də, gənclər elektron kitablara daha çox maraq göstərirlər. Bundan başqa, psixoloqlar audiokitabların bədii və elmi ədəbiyyatın daha tez qavranılması baxımından üstün olduğunu qeyd edirlər. Onların fikrincə, bu mütaliə üsulu uşaqlarda zehni inkişafı, xarici dil öyrənilməsi prosesini sürətləndirir. Bu, yazılış və tələffüz arasında ciddi fərqlər olan ingilis dilinin mənimsənilməsində özünü daha çox göstərir. Digər tərəfdən, elektron kitablar mətnin sonradan təkrarı məqsədilə skan edilməsi baxımından da əlverişlidir. Eyni zamanda, audiokitablar eşitmə yaddaşı güclü olanların oxuduqları və dinlədikləri materialı daha uzun müddət xatırlamasına imkan verir. Elektron kitabları səsləndirən aktyorların məlahətli səsi isə insanlarda psixoloji cəhətdən rahatlıq yaradır.

İngiltərənin Sound Understanding (səsi anlama) studiyasının direktoru Ceniffer Hovard bildirib ki, dünya klassiklərinin əsərlərinin audiokitablara köçürülməsi prosesinə ən tanınmış və diksiyası səlis olan aktyorlar cəlb olunur. Onun sözlərinə görə, səlis oxunmayan və səs tonu kobud olan elektron kitablar istifadəçilərdə maraq doğurmur. Ceniffer Hovard əlavə edib ki, bunları nəzərə alan istehsalçı studiyalar yayım şirkətləri ilə əməkdaşlığa üstünlük verirlər.

İnternetdə materialları istifadəçilər tərəfindən 3 milyard saatdan çox yüklənən audiokitab hazırlayan “Audible” şirkəti isə fəaliyyətini daha da təkmilləşdirir, Maykl Lyuis və Con Ronson kimi məşhur yazıçılara məxsusi olaraq audiokitab yazmaq sifarişi verir. Bu cür şirkətlərin sahibləri yaxın gələcəkdə “virtual nəşriyyat” rolunu oynamaq niyyətindədirlər. Bədii və elmi ədəbiyyatla tanış olmaq istəyənlər elektron kitabları yeni nəsil kiçik monitorlu MP3 formatında portativ aparatlara, yaxud mobil telefonlara yükləyərək hər yerdə oxuyub dinləyə biləcəklər.