16 may 2019 10:54
874

“The National İnterest”dən adına yaraşmayan qeyri-peşəkarlıq...

... yoxsa erməni separatizminə dəstək...?!

Ermənistan mətbuatında qondarma  separatçı  rejimin saxta xarici işlər naziri Masis Mailyanın atəşkəsin 25 illiyi ilə bağlı məqaləsinin ABŞ-da (Vaşinqton)  çıxan “The National İnterest” nəşrində   işıq üzü görməsi ilə bağlı məlumat yayılıb. Doğrusu, belə həssas bir məsələdə Amerika nəşrinin bu cür addım atması məni təəssüfqarışıq maraqla məlum informasiyanı sonacan oxumağa vadar etdi. Bəli, yazının sonunda “ədəb-ərkanla” nəşrin linkinə də istinad edilib: 

nationalinterest.org/feature/nagorno-karabakh-cease-fire-25-57522?fbclid=IwAR0FM6Mpex8uLHIetO8h7fYLLve6XGChUZiBvuPPqNTRBGR0hB5tChOlEnM&page=0%2C1

Təbii ki, biz separatçı ermənilərin hiyləgər lobbisinin dünyanın dörd bir tərəfinə səpələnib hansı aglasığmaz avantüra və təxribatlarla məşğul olduqlarından yaxşı xəbərdarıq. Lakin açığı, “The National İnterest” kimi bir nəşrin bu avantüralara alət, vasitə olacağını düşünməzdim.

Məlumat üçün bildirək ki, 1985-ci ildə tanınmış ekspert İrvinq Kristol tərəfindən təsisi edilən hərbi-siyasi nəşr olan  “The National İnterest”in saytına ay ərzində 2-8 milyon arası baxış sayı olur.

Sözügedən məqalənin dərci ilə erməni separatçılarına meydan verən nəşrin redaksiyasının prinsipləri arasında yer alan müddəalarda yazılır ki, ekspert heyəti  yazılan məqalələrə müdaxilə etmir, yazı ya qəbul olunur, ya da rədd edilir. Maraqlıdır, doğrudanmı hərbi-siyasi sahədə ixtisaslaşmış bir nəşrin bir neçə nəfərdən ibarət redaktor və ekspert heyətindən  bircə nəfər də olsa tapılmadımı ki, Azərbaycanın tarixi torpaqlarında yaradılan qondarma rejimin M.Mailyan adlı nümayəndəsinin  cəfəngiyatla dolu cızma-qarasını rədd etsin?! Əgər bunu bilməyərəkdən ediblərsə, bu nüfuzlu bir hərbi-siyasi dərginin peşəkarlığı adına böyük ləkədir. Çünki çoxmilyonlu auditoriyaya malik hərbi-siyasi tematikalı bir jurnalın redaksiya heyətinin Cənubi Qafqaz kimi strateji bir regionda baş verənlərdən və gerçək həqiqətlərdən  məlumatı yoxdursa bu, ən azından siyasi savadsızlıqdır.

Yox, əgər bu məqalə bilərəkdən, həm də seçmə yazılar bölümündə gözəçarpan manşetdə işıqlandırılırsa, deməli, bu, təkcə peşəkarlıq və tərəfsizlik adına ləkə olmaqla qalmır, separatçı ermənilərin  açıq-aşkar təxribat  cəhdinə rəvac verməkdir.

Azərbaycanın işğal edilmiş torpaqlarında üzdəniraq rejimin  “səlahiyyətlisinin” məqaləsini dərc etmək haqlı hiddətimizə səbəb olmaqla yanaşı, münaqişə ilə bağlı danışıqların getdiyi ərəfədə bunu  körükləyici və təxribatçı  addımdan başqa nə adlandırmaq olar?

İşğalçı ölkənin mediasında bu məlumatın bəh-bəhlə tirajlanması da onu göstərir ki, separatçı ermənilər əllərini “The National İnterest”in redaksiyasına qədər uzatmaqdan və həmin əlin orada “tutulmasından”  xeyli məmnundurlar. İndiki məqamda bizi düşündürən dünyanın tanınmış “informasiya  mətbəxlərinə” əl uzadacaq qədər cəsarətlənən erməni həyasızlığından daha çox, həmin əli tutmağa kimin, yaxud kimlərin bu qədər maraqlı olmasıdır.

Kifayət qədər böyük həcmli məqalədə  qondarma sakit tonla və saxta liberal ahənglə  hansı sayıqlamaların və cəfəngiyatların yer almasından asılı olmayaraq daha çox yazının altındakı imzanın qarşısında qeyd edilən  “vəzifənin” absurdluğu hiddət doğurur.

Bizi narahat edən əsas məqam “demokratiya carçısı” imici yaratmağa çalışan  Amerika nəşrinin  Azərbaycan torpağında qurulan qondarma rejimin- legitim qurumuş kimi “səlahiyyətlisi”ni təqdim etməsidir.

 “The National İnterest” ingilis dilindən hərfi tərcümədə “milli maraqlar” mənasını daşıyır. 30 ilə yaxındır ki, dünyanın nüfuzlu nəşrləri ilə əməkdaşlıq edən və xeyli oxucu auditoriyası toplamış Amerika nəşrinin ən azından  öz adına uyğun hərəkət etməsini tələb etmək haqqımızdır. Çünki Ermənistanın işğal etdiyi torpaqlarımızda “yaratdığı” qondarma rejimin az qala təbliğatı  fonunda təqdim edilən yazı birbaşa Azərbaycan xalqının və dövlətinin milli maraqlarına ziddir və sözügedən nəşr ən azından tərəfsiz  media orqanı olduğunu sübut etmək üçün belə məsələlərə xüsusi həssaslıqla yanaşmalı, fəaliyyətində zəruri məqamları mütləq nəzərə almalıdır.

Sevinc Abdullayeva, “İki sahil”