17 may 2019 11:23
65

Tibb Universiteti xarici tələbə sayına görə liderdir

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Azərbaycan Tibb Universitetində qonaq olub.

"İki sahil"in məlumatına görə, ATU rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı tibb təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Professor Gəray Gəraybəyli xarici tələbə sayına görə Azərbaycan Tibb Universitetinin ölkəmizdə lider olduğunu qeyd edərək onlar arasında Türkmənistanda olan tələbələrin azlıq təşkil etdiyini bildirdi. Belə ki, ATU-nun 2 minə yaxın əcnəbi tələbəsi arasında cəmi 7 tələbə bu ölkədəndir. Rektor gələcəkdə Türkmənsitandan daha çox tələbə cəlb edəcəklərinə əmin olduğunu bildirdi: “Tibb təhsili sahəsi daim inkişafda olan bir sahədir. Ona görə də bu sektorda həmişə bilik mübadiləsinn aparılmasına ehtiyac var. Bu baxımdan, digər ölkələr kimi Türkmənistanla da əlaqələrin möhkəmləndirilməsinə, münasibətlərin dərinləşdirilməsinə tələbat var”.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev ATU rəhbərliyi ilə tanışlıqdan məmnun olduğunu bildirdi. Universiteti qarşıdan gələn 90 illik yubileyi münasibətilə təbrik edən səfir M.İşanqulıyev Türkmənistandan olan tələbələrin təhsil səviyyəsi, aktivliyi ilə maraqlanıb: “Bu gənclər ölkəmizi təmsil eidrlər, burada təhsilə yiyələnib Türkmənistana qayıdacaqlar. Biz onların yüksək səviyyəli təhsil almasında, ixtisaslı kadr kimi yetişməsində maraqlıyıq. Bu baxımdan ATU ilə əlaqələrin də inkişafını arzulayırıq”.

Görüşdə Azərbaycan və Türkmənistan arasında tibb təhsili və səhiyyə sahəsində əlaqələrin gücləndirilməsi, hər iki ölkənin təhsil sisteminin inkişafı naminə mübadilənin dərinləşdirilməsi, bu istiqamətdə görülə biləcək tədbirlər haqqında müzakirələr aparılıb.