02 iyun 2020 15:14
862

Tibbi maskaların təkrar satışı ilə əlaqədar ilk həbs cəzası verildi

Yaponiya polisi koronavirus pandemiyası zamanı möhtəkirlik məqsədilə tibbi maskaların təkrar satışı ilə əlaqədar ilk həbs cəzasını həyata keçirib. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Takamatsu şəhərində evlərin təmizliyi ilə məşğul olan şirkətin sahibi Fucii Cunki apreldə xarici ixracatçıdan aldığı 16 min ədəd tibbi maskanın təkrar satışında təqsirli bilinir. Həmin şəxs bu tibbi maskaları fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfərə bir ədədində beş sent baha qiymətə satmaqda şübhəli bilinir. Polisin yaydığı məlumata görə, F.Cunki təqribən 28 min dollar ödəyərək 70 min ədəd tibbi maska əldə edib. İstintaq zamanı F.Cunkinin digər tibbi maskaları sosial şəbəkələrdə tapdığı müştərilərə satdığı da məlum olub. Xatırladaq ki, Yaponiyada mart ayında koronavirus pandemiyası ilə əlaqədar tibbi maska çatışmazlığı yaranan zaman, həmin tibbi vasitənin gəlir əldə etmək məqsədilə təkrar satışına qadağa tətbiq edilib.