05 fevral 2019 15:52
95

Toxumluq əkinlərin qeydiyyatı yekunlaşır

Ötən ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata keçirilib. Bunun əsas məqsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyən edilməsidir.

AZƏRTAC xəbər verir ki, bölgələrdə toxumluq əkin sahələrinin qeydiyyatı dekabrlın 30-dan Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul olunmuş sənədlər Dövlət Xidmətinə təqdim edilib. Hazırda Tovuz RTSM-in əhatə etdiyi rayonlar üzrə (Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Qazax) 3233 hektar, Ucar RTSM-in əhatə etdiyi rayonlar üzrə (Ucar, Zərdab, Ağdaş Kürdəmir, Göyçay) isə 3693 hektar toxumluq əkinlər qeydiyyata alınıb. Digər bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin internet səhifəsində yerləşdiriləcək.

Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, möhürlənərək RTSM-in rayonlar üzrə baş aqronomlarına verilib. Həmçinin toxumluq əkinlərin elektron qaydada aparılmasına başlanılıb, bu istiqamətdə işlər yaxın zamanlarda yekunlaşacaq. Bu da toxumluq və ting əkinlərinin uçotunun dəqiq aparılmasına, şəffaflığın tam təmin olunmasına zəmin yaradacaq.