21 noyabr 2019 21:16
968

Tranzit yükdaşımalardan böyük gəlirlər əldə ediləcək

Ölkə ərazisində müasir nəqliyyat infrastrukturu yaradan Azərbaycan üçün prioritet məsələlərdən biri də ərazisindən yükdaşmaların daha çox axınını təmin etməkdir. Çünki bu hal qeyri-neft sektorunun mühüm bir qolu kimi Azərbaycanın böyük həcmdə gəlirlər əldə etməsini təmin edir. Artıq bu istiqamətdə atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Bu gün qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Ölkəmiz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edir, ötən il təqribən 300 min tona yaxın yük daşınıb. Belə ki, ölkəmiz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmir. Eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edir. Bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Artıq Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Azərbaycan Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilib. Bu da böyük imkanlar yaradır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanları müzakirə edilib.

Qeyd edək ki, Özbəkistanla aparılan danışıqlar artıq öz nəticələrini verməkdədir. Belə ki, Özbəkistan Nəqliyyat Nazirliyi 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir. Bununla bağlı olaraq Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbərliyi və “Azərbaycan Dəmir Yolları” QSC  müvafiq razılığa gəlib. Bundan əlavə, iki ölkənin tranzit potensialının inkişaf perspektivləri və Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu boyunca multimodal nəqliyyatın təşkili məsələləri də diqqət mərkəzindədir.

Orta Asiyanın digər ölkəsi olan Tacikistan da prosesdə maraqlıdır. Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bildirib ki, onun da ölkəsi bu dəmiryol xəttinin fəaliyyətində iştirak niyyətindədir: “Biz gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin Azərbaycanın dəmir yolu xətlərinə qoşulması layihəsinin perspektivlərini nəzərdən keçiririk. Bu dəmir yolları xətlərinin birləşməsi ilə gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanacaq yolun önünü açmaq olar”.

Bununla da, yaxın tezlikdə Orta Asiya ölkələrinin hamısının  Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsini gözləmək olar. Xatırladaq ki, artıq Qazaxıstan və Türkmənistan yüklərinin bu marşrutla daşınması həyata keçirilir. Digər tərəfdən, Azərbaycanın nəqliyyat marşrutlarına qoşulmaq Orta Asiyanın dünya bazarlarına çıxışını təmin edir. Artıq Çinin də Bakı-Tbilisi-Qarsdan istifadə etməsi Orta Asiya ölkələrinin bu istiqamətdə marağını artırır. Onlar bununla “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərindən istifadənin mümkünlüyünü da yaxşı bilirlər.

Belə ki, Azərbaycanın tranzit imkanları, əslində təkcə Orta Asiya ölkələri yox, digər MDB üzvləri, o cümlədən Rusiya üçün də olduqca maraqlıdır. Bunlar da təsadüfi deyil. Azərbaycan, Rusiya, İran və Hindistan “Şimal- Cənub” nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Belə ki, Çinə rəqib olan Hindistan öz mallarını “Şimal-Cənub”la Avropaya daşımaq uğrunda mübarizə aparacaq. Rusiya isə, öz növbəsində, yüksək texnoloji malların təchizatında maraqlıdır. Azərbaycanın üstünlüklərindən biri də onun Rusiya ilə İranı birləşdirən yeganə ölkə olmasındadır. Azərbaycan  obyektiv olaraq “Şimal-Cənub” layihəsinin adekvat, ən rahat iştirakçısıdır. Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın tranzit yükdaşımalardan  kifayət qədər böyük gəlirlər əldə edəcəyini aydın nümayiş etdirir.

Cavid Əkbərov, “İki sahil”