30 iyul 2020 15:00
3661

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş keçirilib - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə görüş keçirilib.

Mərkəz ilə tanışlıq zamanı SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov İdarənin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərindən biri kimi Qobustan regional təlim mərkəzinin sifarişçilərin tələbatlarına uyğun olaraq müxtəlif peşələr və ixtisaslar üzrə çoxsaylı kursları tədris etdiyini bildirib.

Həmçinin, təlim mərkəzinin qarşısında duran vəzifələr və xarici şirkətlərin tələbləri barədə ilkin surətdə məlumat verilib. Bununla yanaşı, təlim mərkəzinin nəzəri tədris otaqlarında istifadə edilən simulyatorlar, əyani vəsaitlər, mövcud potensial, müəllim-instruktor heyətinin bacarıqları və ixtisas göstəriciləri qonağın nəzərinə çatdırılıb.

Eyni zamanda, Valeh Ələsgərov təlim mərkəzinin Qaynaq emalatxanasında yerinə yetirilən əməliyyatlar, əməyin təhlükəsizliyi rejimi, istifadə edilən avadanlıqlar və materiallar ilə tanış olub.

Görüşdə Qobustan regional təlim mərkəzində "BP Exploration (Caspian Sea) Limited", "Bos Shelf" MMC, "SOCAR Polymer" MMC və digər şirkətlər ilə əməkdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı peşə təhsili qurumlarının metodikası əsasında texniklərin hazırlanmasının aktuallığına toxunulub.

Daha sonra Azad İqtisadi Zonada fəaliyyət göstərməsi nəzərdə tutulan müəssisələrin ehtiyacları baxımından ayrı-ayrı peşələrin tədris proqramları haqqında müzakirələr aparılıb.

Sonda Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov təlim mərkəzi ilə tanışlıq üçün yaradılmış şəraitə görə öz minnətdarlığını ifadə edib və təlim mərkəzinin imkanlarının Qaradağ rayonunda və ətraf zonalarda yaşayan gənclərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsində və məşğulluq qabiliyyətinin artırılmasında faydalı olacağını bildirib.

Orxan Vahidoğlu, "İki sahil"