15 avqust 2019 20:11
326

Turist axını həm də pul axını deməkdir

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün qeyri-neft sektorunun mühüm istiqamətlərindən olan turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Dövlət başçısı ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır.

Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verib. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması ölkəmizdə turizm inkişafna göstərilən diqqətin əyani sübutudur.

Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin ayrı-ayrı regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə başçısı 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncamlar imzalayıb, həmin vaxtdan “ASAN viza” sistemi yaradılıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Ölkəmizə gələn turistlərin sayı qeyri-neft sektorunun gəlirlərini daha da artırır, iqtisadi potensialımızı möhkəmləndirir. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq,  yüksək səviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Turist axını həm də pul axını deməkdir.

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, Azərbaycanda turizmin çox geniş imkanlara malik olmalıdır: “Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Ölkəmizdə turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə, qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Qətiyyətlə demək olar ki, qarşıdakı illərdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevriləcək. Bu gün  ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur.  2018-ci ildə respublikamıza gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Belə ki, ötən il ölkəmizə əvvəlki illərdən daha çox -2 milyon 850 min turist gəlib və onlar 2 milyard dollara yaxın pul xərcləyiblər.

Zahid Rza, “İki sahil”