04 dekabr 2019 10:41
140

Turizmdə hədəfə yaxınlaşırıq

Azərbaycanda qeyri-neft sektorunun turizm sahəsinə xüsusi diqqət göstərilir. Son illər bu sahədəki sürətli inkişaf da bu diqqətin nəticəsidir. Statistik göstəricilərə görə, son illər respublikamızda turizmə xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında respublikamıza dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Mütəxəssislərin fikrincə, bu da 2019-cu ildə ölkəmizə gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. Keçən il isə ölkəmizə 2 milyon 800 min xarici qonaq təşrif buyurub. Şübhəsiz, bu, görülən işlərin və həyata keçirilən tədbirlərin nəticələrini əks etdirən real göstəricidir. Görülən işlər isə saymaqla qurtaran deyil. Təkcə bir faktı qeyd edək ki, artıq Şahdağ Turizm Mərkəzinin, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi də aradan qalxıb.

Bəli, bu gün Azərbaycan dünyanın turizm xəritəsində də özünə layiqli yer tutmaqdadır. Bu prosesdə ölkəmizdə hökm sürən sabitlik önəmli rol oynayır. Şübhəsiz, bu sabitliyin təminatçısı xalqdır, onun rəyi, onun dövlətə və başçısına, hakimiyyətə verdiyi dəstəkdir. Bu mənada xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə “International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuş xəritədə Azərbaycan 2020-ci ildə də turistlər üçün risklərin minimum olduğu ölkələr sırasında yer alıb. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri də nəzərə alınıb. Məlumata görə, belə bir xəritənin  hazırlanmasında müştərilərin rəyləri əsas götürülüb.

Bundan bir müddət öncə isə, daha doğrusu, sentyabr ayında Ümumdünya İqtisadi Forumunun (WEF) mütəxəssisləri “Səyahət və Turizm Rəqabətliliyi 2019” hesabatı çərçivəsində dünyada turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqini dərc etmişdilər. 140 ölkənin yer aldığı həmin siyahıda Azərbaycan 5,9 balla 38-ci pillədə qərarlaşıb.  Ölkəmiz bu göstəriciyə görə postsovet ölkələrindən yalnız Estoniya, Gürcüstan və Litvadan geridə yer alıb.

Respublikamız turizm sahəsində əldə etdiyi nailiyyətlərə arxalanmır. Odur ki, dünyanın bir sıra ölkələrində, o cümlədən İspaniyada, Polşada, Avstriyada, İngiltərədə beynəlxalq turizm sərgilərində təmsil olunur, bu sahə ilə bağlı yeni sənədlər imzalayır. Məsələn, bu günlərdə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən X Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə  turizm sahəsində  əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş, həmçinin Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Delovaə Rossiə)  təşkilatının Başqırdıstan regional şöbəsi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətləri ilə də fəal iş aparılır.

Şübhəsiz, bütün bunlar həm də o deməkdir ki, ölkəmizdə turizmin hələ böyük inkişaf potensialı var. Turizm insanların, bütövlükdə, cəmiyyətin maraqlarına xidmət edir və həm mikro, həm də makroiqtisadi səviyyədə əsas gəlir mənbəyinə çevrilməkdədir. Prezident İlham Əliyev oktyabrın 24-də Qəbələyə səfəri zamanı sakinlərlə görüşərkən demişdir: “İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir”. Qeyd edək ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə turizm sektorunun inkişaf etdirilməsini iqtisadiyyatın prioritetlərindən biri elan etmiş Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında daha cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərimizdən biridir.

Q.Rəsulov, “İki sahil”