KÖŞƏ

Nurəddin Muğanlı

Türk dünyasının qılınc və söz sərkərdələri

11 dekabr 2020 16:12
3189

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində möhtəşəm Qələbəsini təmin edən “dəmir yumruq” əməliyyatının uğurla başa çatması münasibəti ilə keçirilən Zəfər paradı, həm də  Azərbaycan-Türkiyə birliyinin təntənəsi kimi yaddaşlarda əbədi yaşayacaq...

Zəfər paradından əvvəl  hər iki dövlət başçısının Şəhidlər Məscidində  çiyin- çiyinə,  könül - könülə namaz qılıb, dua etmələri bir daha “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini  bariz şəkildə əks etdirdi və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi birliyinin rəmzi oldu.

Qardaşlığın, sədaqətin rəmzinə çevrilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  çıxışları  barədə  təbii  ki, hər iki ölkənin, eləcə də dünya kütləvi informasiya vasitələrində çox yazılar dərc olunur və mülahizələr söylənilir. Azərbaycan vətəndaşı olaraq hamımızın gözlədiyi bu əlamətdar gündə dövlət başçılarının çıxışında 30  illik  intizarın çalarları dolğun şəkildə öz əksini tapdı.  Azərbaycan –Türkiyə qardaşlığı təkcə etnik anlamda deyil, siyasi varislik, müasirlik, mədəniyyətlilik və geosiyasi mənalarda bir-birinə bağlıdır.

Son 30  ildə türk dünyasının nəhəng qələm sahibləri Çingiz Aytmatov, Oljas Süleymenov və başqaları Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasəti barədə  yüksək kürsülərdən fikir söyləyiblər və    Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinə ehtiramlarını ifadə ediblər. Ancaq  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  türkdilli dövlət başçıları arasında yeganə siyasi xadim və tarixi şəxsiyyətdir ki,  həmişə  çıxışlarında Azərbaycana sevgisini xalqımızın dünyaya bəxş etdiyi görkəmli  ədəbiyyat və incəsənət xadimlərinin dili ilə ifadə edir.

Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfalar diləyən  Ərdoğanın  xalq şairimiz Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirindən seçib söylədiyi poetik fikirlər Zəfər  paradını  izləyənlərin çoxunu  duyğulandırdı, riqqətə gətirdi: 

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar.

 

İsa bulağının zümzüməsini,

Cabbarın, Seyidin, Xanın səsini,

Dalğalı Qarabağ şikəstəsini,

Babək türbəsini necə pay verim?


Bu  şeirin ardınca Türkiyə Prezidenti  Dədə Qorqudsayağı dedi:  ”Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm...”

Əlbəttə, qalib ölkənin vətəndaşı olmağın sevincini yaşamaq  böyük xoşbəxtlikdir. Amma Ərdoğan kimi dünya liderlərindən birinin dilindən mənsub  olduğun xalqın dahilərinin və qəhrəmanlarının adını eşitmək də ayrı bir xoşbəxtlikdir: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

“Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik” deyən Ərdoğan  çıxışında vurğuladı  ki, Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.”

Əgər  xatırlayırsınzsa,  iki  il öncə -  Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda  Ərdoğan çıxışı zamanı "Lalələr” mahnısı haqda danışaraq bəstədə türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüşünün və şəhərin xilasının ifadə edildiyini  bildirmişdi:  "Azərbaycanın məşhur "Lalələr” mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir...”

Türk  dünyasının  söz  sərkədəsi  haqlı  idi. Sözləri Aslan Aslanova, musiqisi Telman Hacıyevə məxsus mahnıda "Yazın əvvəlində, Gəncə çölündə"  sözləri Qafqaz İslam Ordusunun Gəncəyə 1918-ci il may ayında daxil olduğunu bildirir. Bizim  bu günəcən ən çox Rəşid Behbudovun ifasında  eşitdiyimiz mahnının sonunda “Nə vaxtdır Rəşidin gözü yoldadır" kimi səslənən sözləri əslində "Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr"dir.  Bu fikir çətin vəziyyətdə olan xalqımızın türk ordusunu həsrətlə gözlədiyindən soraq verir. Beləliklə,  bu mahnının türk ordusunun Azərbaycana köməyə gəlməsinin şərəfinə yazıldığını və  Nuru Paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını  ifadə etdiyi:

Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir.

nəğməsini  ilk dəfə möhtərəm Ərdoğanın dilindən eşitdik.

 Onu da  qeyd  edim ki,  üç  il  əvvəl  Ərdoğanın BMT-nin 5 daimi üzvünün veto haqqını tənqid edərkən söylədiyi “Dünya 5-dən böyükdür” sözlərinə “The World Is Bigger Than Five” adlı mahnı da yazıldı. İstanbullu millət vəkili Əziz Babuşçunun dəstəyi ilə mahnıya çəkilən klipdə müsəlman coğrafiyasında baş verən qanlı faciələrin görüntülərinin yer alması  Ərdoğanın Qərbdən əsən ikili standartlar rüzgarlarına  sərt etirazı idi.

Sonda  onu da qeyd edim ki, mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Zəfər paradında atasının şeirini səsləndirməsinə  və  Əhməd Cavadın nəticələri Anar və Cavad Axundzadələr türk dünyasının böyük şairi,  Əhməd Cavadın adını çəkdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini  bildiriblər.

Yeri gəlmişkən, “İki sahil” qəzetinin oxucularının  diqqətinə çatdırım ki, Türkiyədə Bəxtiyar Vahabzadənin adına  böyük məktəb, Ankarada park, Adanada lisey, Elazığda prospekt var. TRT kanalı isə “Əhməd Cavad: Bir millətin ruhu” bədii-sənədli filmi istehsal edib.  Bakıdakı  Zəfər paradına xüsusi olraraq hazırlanan Azərbaycanın Milli istiqlal şairi  Ə. Cavadın 1919-cu ildə yazdığı “Bən bulmuşam” şeirinə bəstələnən və  Xalq artisti  Mələkxanım Eyyubovanın ifa  etdiyi  mahnının video-çarxı Türkiyə telekanallarında yayıma verilib.

Yaşasın Azərbaycan və  Türkiyə! Allah əbədi və sarsılmaz olan qardaşlığımızı qorusun!..