30 iyul 2020 17:33
153

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri

İyulun 29-dan Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə və illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayıb.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

İyulun 12-də Ermənistan silahlı quüvvələrinin Tovuz istiqamətindəki təxribatları, bu təxribatdan sonra isə Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi fonunda gərgin situasiyanın yarandığı Cənubi Qafqazda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müştərək təlimləri sözsüz ki, region üçün ciddi maraq kəsb edir və maraqla izlənilir. Təbii ki, əvvəlcədən planlaşdırılmasına rəğmən, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr fonunda bu təlimlər qardaş ölkənin Bakıya açıq hərbi dəstəyi kimi qarşılanır və təkcə Ermənistanda deyil, həm də Rusiyada diqqətlə izlənməkdədir.

Hərbi təlimlərdən öncə isə Türkiyə Silahlı Quvvələrinin hissələri Naxçıvanda hərbi yürüş keçirib. Məhz İrəvanın 50- 60 kilometrliyində keçirilən hərbi yürüş hər şeydən öncə işğalçı ölkəyə və onun himayədarına Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın köməksiz olmadığının mesajıdır. Ən önəmli məqam isə odur ki, Türkiyə

ordu birləşmələrinin Naxçıvandan sonra Bakı, Gəncə, Kürdəmir və Yevlaxda Azərbaycan Ordusu ilə birgə hərbi təlimlər keçirməsi planı da əsla təsadüfi seçilməyib. Çünki bu, Bakıdan Türkiyəyə və oradan da Avropaya uzanan, strateji əhəmiyyətli beynəlxalq neft-qaz kəmərləri və kommunikasiyaların keçdiyi ərazilərə yaxın bölgələrdir. Məhz buradan keçən neft –qaz kəmərləri və dəmir yolu xətlərinin təhlükəsizliyi Azərbaycan qədər Türkiyənin, Gürcüstanın, o cümlədən Avropanın maraqlarındadır.

Bu arada Rusiyanın nüfuzlu nəşrlərindən olan «Nezavisimaya qazeta»da birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir. Vurğulanır ki, Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub.

Qeyd edək i, həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı

ərazilərin azad edilməli olduğunu bildirib. Prezident Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilir ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcəkdir.

Rusiya mətbuatı xüsusi vurğulayır ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə məşq olduğu məlum deyil. Lakin bu, postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir: «Bakıdan və Ankaradan səslənən bəyanatlara əsasən Azərbaycan-Türkiyə qruplaşmasının fəaliyyəti hücum xarakterli olacaq və Ermənistanın, habelə ola bilsin, onun müttəfiqlərinin aqressiv davranışlarını cilovlamaq xarakteri daşıyacaq.»

Təsadüfi deyil ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda narahatlıq və isterika içində izlənilir. Şübhəsiz, bu təlaşın nəticəsidir ki, təlimlərdən bir gün əvvəl Ermənistan müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşərək bölgədəki hərbi vəziyyətdən narahatlığını ifadə edib.

Əslində bu dəfəki Azərbaycan –Türkiyə birgə hərbi təlimlərinin əhatə dairsəinin, o cümlədən say etibarı ilə daha geniş olması Ermənistana və onun havadarlarına ciddi bir mesajdır. Təbii ki, belə təlim Türkiyə və Azərbaycan orduları arasında sıx koordinasiyanın olduğunu göstərir və hər an və istənilən istiqamətdə iki ölkənin ordularının hücum əməliyyatına keçmək iqtidarında olduqlarını sərgiləyir.

Qeyd edək ki, iki ölkənin hərbi qüdrəti digər hansısa imkanlara əl atmadan təcavüzkar ölkəni tamamilə darmadağın etmək üçün kifayətdir. Xüsusilə döyüş qabiliyyətinə görə NATO-nun ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələri bölgədə öz haqq sözünü deməyə və gücünü göstərməyə qadirdir. Bu təlimlər bir daha göstərdi ki, nə Türkiyəni, nə də Azərbaycanı qorxutmaq, onları öz niyyətlərindən döndərmək mümkün deyildir. Əvəzində hər iki ordunun strateji planında Azərbaycanın işğalda qalan torpaqlarının azad olunması kimi çox mötəbər bir vəzifə mövcuddur.

Qeyd edək ki, birgə təlimlərlə paralel, Türkiyədən ən yüksək səviyyədə Azərbaycana dəstək bəyanatları gəlməkdə davam edir. Xüsusi qeyd olunmalıdır ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanı qeyd-şərtsiz müdafiə edəcəyini bildirib: «Suriyada məzlumların fəryadlarına biganə qalmadıq, Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək cəhdlərinə də eyni anlayışla dəstək veririk». Cənab Ərdoğanın bu çıxışındakı özəllik ondadır ki, o, ilk dəfə və açıq şəkildə Türkiyə Ordusunun əməliyyatlar keçirdiyi Suriya və Liviya ilə bərabər, Azərbaycanda da bu vəzifənin icra olunma ehtimalından danışıb.

İyulun 29-də isə Türkiyənin Müdafiə naziri Hulusi Akar bəyan edib ki, Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir. Hakar. həmçinin deyib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanın bu kimi hücumlardan çəkinməsi və

problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək İrəvana xəbərdarlıq etməlidir.

Bir sözlə, Ermənistanın Tovuz təxribatından sonra Türkiyə üçün Azərbaycan qırmızı xətdir və ölkəmiz qardaş dövlət üçün düşünüləndən daha çox önəm daşıyır. Ona görə ki, iki ölkənin dostluq və qardaşlıq məsələləri ilə bərabər, ölkəmiz həm də regionun hərbi-iqtisadi baxımdan inkişaf edən gücüdür.

Elçin Zaman, «İki sahil»